Türkiyədə lokdaun turistlərə şamil edilməyəcək

Türkiyədə lokdaun turistlərə şamil edilməyəcək DİN: Ölkəmizdə müvəqqəti turizm fəaliyyəti çərçivəsində olan əcnəbilərə komendant saatı məhdudiyyətlərindən azad olma haqqı verilir
Turizm
27 Aprel , 2021 15:44
Türkiyədə lokdaun turistlərə şamil edilməyəcək

Türkiyədə aprelin 29-dan etibarən tətbiq ediləcək sərt karantin rejimi zamanı çölə çıxma məhdudiyyətləri əcnəbi turistlərə şamil olunmayacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı vəziyyətlə əlaqədar 29 aprel saat 19:00-dan 17 may saat 05:00-a qədər ölkədə tam lokdaun olacağını elan edib. DİN-in istisna kimi fərqləndirdiyi yerlərdən başqa, bütün təşkilatlar və qurumlar fəaliyyətlərini dayandıracaq. Şəhərlərarası səyahətə yalnız səlahiyyətlilərdən icazə alındıqdan sonra icazə veriləcək.

“Ölkəmizdə müvəqqəti turizm fəaliyyəti çərçivəsində olan əcnəbilərə komendant saatı məhdudiyyətlərindən azad olma haqqı verilir. Yaşayış icazəsi olan əcnəbilərə isə komendant saatı tətbiq ediləcək”, - sənəddə deyilir.

Qeyd olunur ki, lokdaun zamanı ərzaq mağazaları, bazarlar bazar ertəsindən şənbə gününə qədər 10:00-dan 17:00-dək açıq olacaq. Vətəndaşlar alış-verişə yalnız piyada gedə bilərlər. Növbətçi apteklər işləyəcək. Kafe və restoranlar yalnız “take-away” və çatdırılma ilə işləyəcək. Hotellərin restoranları yalnız orada qalan insanlara xidmət edəcək.

Əlavə edək ki, aprelin ikinci yarısında Türkiyədə koronavirusla bağlı durum gərginləşib. Belə ki, aprelin 16-da gündəlik yoluxma sayı pandemiyanın başlanğıcından bəri maksimum həddə çatıb – 63 082 nəfər, aprelin 21-də isə sutkalıq maksimum ölüm sayı qeydə alınıb - 362 nəfər.

Son xəbərlər

Orphus sistemi