Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə hotelləri birgecəlik qonaqlama qiymətlərini aşağı salmağa davam edir. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, İstanbul hotellərində birgecəlik qonaqlama qiymətləri mart ayında orta hesabla 140 avrodan 91,9 avroya düşüb. Müqayisə üçün bildirək ki, eyni dövrdə Avropada hotel nömrəsinin birgünlük qiyməti orta hesabla 108,1 avro olub.
Türkiyə Hotelçilər Birliyi (TÜROB) qeyd edir ki, əgər əvvəllər dəniz kənarında yerləşən hotellərin qiyməti şəhərdəkindən çox yüksək idisə, hazırda qiymət fərqi azalıb. Qiymətlərdəki azalma rus, alman və ingilis turistlərinin sayının azalması nəticəsində doluluq əmsalının düşməsi ilə bağlıdır. Belə ki, Türkiyənin kurort şəhərlərinə Almaniyada rezervasiyaların 40-45% azaldığı bildirilir.
TÜROB-un hesabatına görə, martda Türkiyə hotellərinin doluluq əmsalı 16,5 faiz bəndi azalaraq 52,5%-ə, İstanbulda isə 20 faiz bəndi azalaraq 51,9%-ə düşüb.