Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib

Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib İyulun 19-da Dövlət Turizm Agentliyi tərəfindən turizm bələdçiləri üçün Turizm Reyestrindən istifadə ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib.
Turizm
19 İyul , 2023 16:35
Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib

Bu gün Dövlət Turizm Agentliyi turizm bələdçiləri üçün Turizm Reyestrindən istifadə ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirib.

"Report" Agentliyə istinadən xəbər verir ki, tədbirdə ölkə üzrə vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemində qeydiyyat, təsnifat və qiymətləndirmə mərhələlərindən keçmə prosedurları izah edilib, sistemdən istifadə ilə əlaqəli iştirakçıları maraqlandıran məqamlarla bağlı müzakirələr aparılıb.

İyulun 14-də turizm agentlikləri ilə keçirilən analoji görüşdə də Turizm Reyestrinin fəaliyyət prinsip və mexanizmləri təqdim olunub, Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmçinin həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırılıb.

İştirakçılara “Turizm haqqında” qanundan irəli gələn tələblər ətraflı izah edilib, suallar cavablandırılıb.

Dövlət Turizm Agentliyi turizm sənayesi nümayəndələri (turizm şirkətləri, yerləşmə vasitələri, turizm bələdçiləri) üçün bu növ silsilə maarifləndirmə tədbirlərini gələn ayın sonuna qədər davam etdirməyi planlaşdırır.

Maarifləndirmə tədbirlərinə qatılmaq istəyən turizm sənayesi nümayəndələri [email protected] elektron poçt ünvanına “Turizm İnformasiya Sistemi” başlığı altında elektron müraciətlərini ünvanlaya bilərlər.

Xatırladaq ki, “Turizm haqqında” qanunun 8.1, 8.2, 13.2-ci maddələrinə əsasən turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməli, müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalı və həmin məlumatları Turizm Reyestrinə daxil etməlidirlər.

Həmçinin “Turizm haqqında” qanunun 9.1. və 13.3-cü maddələrinə əsasən ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməli və ulduz kateqoriyasının müəyyən edildiyi tarixdən etibarən 15 gün müddətində məlumatları Turizm Reyestrinə daxil etməlidir.

Son xəbərlər

Orphus sistemi