Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb, xidmət Yeni Klinikada həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir çox xarici ölkələrdən Azərbaycana səyahət edən şəxslər var: "Tibbi turizmin ölkədə inkişafı ilə bağlı bir çox xarici dövlətlərlə əməkdaşlıq etmək üçün ilkin planlar hazırlanıb, müzakirələr gedib. Bir çox ölkələrin turizm şirkətləri və qurumları ilə danışıqlar olub. Vətəndaşlar tibbi xidmət üçün əvvəl xarici ölkələrə müraciət edirdisə, artıq Azərbaycanda da bu imkanlar yaradılacaq".
V.Qurbanov əlavə edib ki, İlk növbədə, tibbi turizm xidmətinin Yeni Klinika üzərindən həyata keçirilməsi nəzərdə tutulur: "Çünki bu tibb müəssisəsi həm şərait, həm təchizat, həm də tibbi xidmətin göstərilməsi baxımından uyğundur. Gələn il üçün nəticələri görəcəyik".