Tarixi məkanlarda xarici turistlərlə bağlı qiymət siyasəti necə olmalıdır?

Tarixi məkanlarda xarici turistlərlə bağlı qiymət siyasəti necə olmalıdır? Azərbaycanda bəzi tarixi-mədəni məkanlara giriş üçün xarici turistlərdən yerli vətəndaşlarla müqayisədə bir neçə dəfə artıq məbləğdə ödəniş tələb edilir. Nəzərə alaq ki, milli-mədəni və tarixi dəyərlərimizi dünyaya tanıtmaq və xaricdən turist cəlbini artı
Turizm
8 May , 2023 16:34
Tarixi məkanlarda xarici turistlərlə bağlı qiymət siyasəti necə olmalıdır?

Azərbaycanda bəzi tarixi-mədəni məkanlara giriş üçün xarici turistlərdən yerli vətəndaşlarla müqayisədə bir neçə dəfə artıq məbləğdə ödəniş tələb edilir. Nəzərə alaq ki, milli-mədəni və tarixi dəyərlərimizi dünyaya tanıtmaq və xaricdən turist cəlbini artırmaq ölkəmizin turizm sektoru üçün prioritet məsələdir. Bu baxımdan əcnəbi turistlərə belə fərqli qiymət yanaşmasının tətbiqi nə dərəcədə məqsədəuyğundur?

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev “Report”a açıqlamasında sözügedən məkanlarda ikili qiymət siyasətinin tətbiqinin müsbət hal olmadığını deyib:

“Ölkəmizə gələn turistin yüksək təəssüratla qayıtması üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Turistlər tək beynəlxalq yarışları izləmək və ya təbiəti seyr etmək üçün deyil, həm də müxtəlif muzeyləri, tarixi abidələri görməyə gəlir. Tarixi-mədəni obyektlərə giriş üçün yerli və xarici turistlərə fərqli qiymət yanaşmasının tətbiqi dünya praktikasında da var. Bu gün Azərbaycanda da bir çox muzeylər həmin təcrübədən istifadə edir. Hesab edirəm ki, bunu aradan qaldırmalı və xarici turistlərdən də yerli vətəndaşlardan alınan ödəniş alınmalıdır. Çünki tarixi və mədəni dəyərlərimizin turistlər vasitəsilə təbliği bizim üçün çox önəmlidir”.

R.Quliyev analoji qiymət strategiyasının bəzi ictimai iaşə müəssisələrində də tətbiq edildiyini vurğulayıb:

“Ölkəyə turist gəlişini pandemiyadan əvvəlki səviyyəyə çatdırmağı hədəfləyirik. Azərbaycanda ictimai asayişin yüksək olması, ölkənin dünyada reytinq qazanması bura turistlərin etibarını daha da artırıb. Nəticədə hər il ölkəyə turist gəlişi artır. Çalışmalıyıq ki, gələn hər turist Azərbaycandan buranın tarixi barədə məlumatlar və xoş təəssüratlarla ayrılsın”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi yerli və xarici turistlərlə bağlı fərqli qiymət siyasətinin tətbiqinin dünyada geniş yayıldığını qeyd edib:

“Bəzi ölkələrdə bu fərq xeyli çoxdur. Turizm sosial, mədəni amillərlə dolu sahə olsa da, onun fəsadları da var. Burda ekoloji fəsadları, tarixi-memarlıq abidələrinə vurulan ziyanları göstərmək olar. Bu prosesin qarşısını almaq yox, onu tənzimləmək lazımdır. Belə fərqli qiymət strategiyası tətbiq edən ölkələrdə xarici turistlərin ödədiyi vəsaitlər toplanaraq həmin muzeylərin və digər tarixi-mədəni abidələrin bərpası üçün sərf olunur”.

S.Dübəndi bu cür yanaşmanı diskriminasiya halı kimi dəyərləndirib:

“Belə diskriminasiyalara yol vermək düzgün deyil. Bu siyasətə bir də baxmaq olar və burda nələrisə dəyişmək mümkündür. Digər tərəfdən, Azərbaycan hələ o qədər də tanınmış və çox yüksək imici olan bir destinasiya səviyyəsinə gəlib çatmayıb. Biz bu inkişaf yolundayıq və çalışırıq ki, ildən-ilə turist gəlişini artıraq və daha çox bazarlardan turist cəlb edək. Odur ki, bir müddət muzeylərə və digər tarixi-memarlıq abidələrinə girişi tamamilə pulsuz etmək olar. Bununla həmin obyektlərə gələnlərin sayını artıra, həm də turpaketlərin qiymətini aşağı sala bilərik. Çünki tarixi-mədəni məkanlarda tələb olunan qiymətlər turpaketlərin dəyərinə təsir edir”.

“Əfsus ki, belə yanaşmaları restoran biznesində də görürük. Restoranlarda ikili menyuların olmasını, xaricilərdən yerli vətəndaşlardan fərqli qiymətlərlə ödənişin tələb edilməsi halları var. Diskriminasiya heç də yaxşı nəticələrə gətirə bilməz. Muzeylərdə, tarixi obyektlərdə belə qiymət siyasətinin tətbiqi qəbul edilmiş təcrübə olsa da, restoran biznesində bunu qətiyyən etmək olmaz”, - deyə S.Dübəndi əlavə edib.

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyindən (DTA) verilən açıqlamada tarixi-mədəni məkanlarda yerli və xarici turistlərə münasibətdə fərqli qiymət siyasətinin tətbiqinin dünya praktikasında çox geniş yayıldığı və turist qəbul edən beynəlxalq destinasiyalarda hər zaman tətbiq olunduğu qeyd edilib.

Hazırda Azərbaycanda DTA-nın tabeliyindəki 8 qoruqdan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibindəki Xan sarayı və bir neçə muzeyə, həmçinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyə və "Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür.

2022-ci il ərzində DTA-nın tabeliyindəki qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub. Belə ki, 2019-cu ildə sözügedən qoruqların ümumilikdə 280 618 ziyarətçisi olub, bilet satışından isə 1 milyon 410 min manat vəsait əldə olunub. 2020-ci ildə pandemiya səbəbindən qoruq və muzeylər uzun müddət bağlı olduğu üçün ziyarətçi sayı azalaraq 57 min nəfər olub və həmin il bilet satışından əldə olunan gəlir cəmi 310 min manat təşkil edib.

2021-ci ildə turizmin bərpası ilə DTA tabeliyindəki qoruqların 157 minə yaxın ziyarətçisi olub və bilet satışından 400 min manata yaxın vəsait daxil olub. 2022-ci ildə isə qeyd olunan qoruq və muzeylərə 341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. Ödənişsiz giriş haqqı olan ziyarətçilər qrupuna məktəblilər, əlil və müharibə veteranları, qazilər, 12 yaşınadək xarici turistlər daxildir. Ümumilikdə ötən il turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 milyon 693 min 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 min 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib.

DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. Yanardağ və Atəşgah qoruğuna birgə kombinə biletləri 11 manat, “Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. "Yanardağ" və "Basqal" qoruğlarında 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 % endirim tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi