Şuşa ölkə rəhbərliyinin xüsusi dəstəyi ilə turizm mərkəzinə çevrilməkdədir

Şuşa ölkə rəhbərliyinin xüsusi dəstəyi ilə turizm mərkəzinə çevrilməkdədir “Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə etdiyi hər bir səfər Qarabağda turizm sektorunun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir".
Turizm
12 May , 2022 14:42
Şuşa ölkə rəhbərliyinin xüsusi dəstəyi ilə turizm mərkəzinə çevrilməkdədir

“Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə etdiyi hər bir səfər Qarabağda turizm sektorunun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir".

Bunu “Report”a açıqlamasında dövlət başçısının və xanımının Şuşaya son səfərini şərh edən turizm üzrə ekspert Aqil Ağalarov deyib.

Onun fikrincə, Azərbaycanın “Mədəniyyət paytaxtı”nda “Shusha Boutique Hotel”in inşa edilməsi, ölkə rəhbərliyinin bu işə xüsusi diqqət göstərməsi, Qarabağın turizm imkanlarının genişləndirməsi istiqamətində tapşırıqlar verməsi dövlətin bu sahəyə dəstəyi kimi qiymətləndirilməlidir.

“Bildiyiniz kimi, Qarabağ əsasən dağlıq və dağətəyi zonadır. Bu baxımdan Şuşa, Kəlbəcər və Laçında turizmin inkişafı üçün əlverişli şərait var. Hazırda Şuşada genişmiqyaslı təmir-bərpa işləri gedir, həmçinin bir neçə hotel tikilir ki, bunlar da bölgədə turizmin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

"Bu gün dövlət səviyyəsində Şuşa və Ağdama xüsusi avtobus reysləri təşkil olunur. Həmin reyslərə biletlərin tezliklə satılması Qarabağa maraq olmasını göstərir. Turizm sektorunun nümayəndəsi olaraq biz nəinki yerli vətəndaşlardan, həmçinin xarici turistlərdən də Qarabağa səfərlərlə bağlı müraciətlər alırıq. Arzulayardıq ki, işğaldan azad edilmiş digər ərazilərimizdə də turizm infrastrukturu bərpa edilsin və belə turlar həmin regionlara da təşkil edilsin".

Dövlət Turizm Agentliyindən isə "Report"a bildirilib ki, hazırda Şuşada bir neçə hotel istifadədir və yeni hotelin tikintisi turizm sahəsinin daha da inkişafına təkan verəcək: “İşğaldan azad olunan ərazilərimizdə turizmin inkişafı üçün ilkin olaraq infrastrukturunun yaradılması - hotellərin və turizm komplekslərinin tikintisi önəmli amildir. Şuşanın turizm potensialına uyğun olaraq turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılır. Şuşa şəhərində artıq iki hotel – “Xarıbülbül” və “Qarabağ” hotelləri fəaliyyətdədir.

Həmçinin bölgədə aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib hissəsi kimi bu il Ağdamda müasir tələblərə cavab verən yeni hotelin, Suqovuşanda isə turizm kompleksinin təməli qoyulub.

İşğaldan azad olunan kimi Qarabağda dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərzində azad olunan torpaqlarımızda turizm inkişaf edəcək və bu sahə həmin ərazilərin dirçəlməsində əhəmiyyətli yerlərdən birini tutacaq. Ümumilikdə, 2025-ci ilə qədər işğaldan azad edilmiş ərazilərə bir milyona yaxın yerli və xarici turistin səfər edəcəyi proqnozlaşdırılıb.

Dövlət Turizm Agentliyi işğaldan azad olunmuş ərazilərin turizm potensialını öyrənir, qiymətləndirir və bunlara əsasən hər bir bölgənin potensialına uyğun olaraq turizm inkişaf konsepsiyaları hazırlanır”.

Son xəbərlər

Orphus sistemi