Sinqapur hakimiyyəti fevralın 1-dən etibarən əcnəbilərin ölkəyə giriş şərtlərini sərtləşdirib. İndi Sinqapura gələn əcnəbilərdən koronavirusla əlaqəli xəstəliklərin müalicəsi xərclərini ödəmək üçün tibbi sığorta əldə etmələri tələb olunur.
“Report” TASS-a istinadən xəbər verir ki, tibbi sığortanın minimal dəyəri 30 min Sinqapur dolları (22,5 min ABŞ dolları) təşkil edir.
Eyni zamanda Sinqapur hökumət sadələşdirilmiş səyahət mexanizminin fəaliyyət göstərdiyi ölkələrin sayını azaldıb. Belə ki, Xarici İşlər Nazirliyi bu gündən Almaniya, Malayziya və Koreya Respublikası ilə “yaşıl dəhliz” qaydalarının üç ay müddətinə dayandırıldığını açıqlayıb. Nazirlik bu dövlətlərdə koronavirusun yayılması ilə bağlı vəziyyətin ürəkaçan olmamasını səbəb kimi göstərib. Beləliklə, Sinqapur sadələşdirilmiş işgüzar və rəsmi səyahət mexanizmini yalnız Bruney, İndoneziya, Çin və Yaponiya ilə saxlayıb. Eyni zamanda, daha əvvəl rəsmi Tokio birtərəfli qaydada əcnəbilərin girişini tamamilə qadağan etmişdi.
Xatırladaq ki, Sinqapur hökuməti keçən il martın 23-dən etibarən ölkədə yaşamaq icazəsi və ya və ya uzun müddətə qalma icazəsi (iş və tələbə vizaları, ailə üzvü üçün yaşamaq icazəsi və s.) olmayan əcnəbilərin ölkəyə girişini qadağan edib.