Şamaxıda ötən gün başlayan Hava Şarları Festivalı (Balloon Festival) bu gün axşam saatlarınadək davam edəcək.
“Report” xəbər verir ki, artıq ikinci ildir təşkil edilən festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayiş uçuşu keçirilir.
Bu dəfə də izləyicilər hava şarlarının Şamaxı səmasındakı heyranedici uçuşunun şahidi olub.
Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
Festival zamanı Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunur. Burada axşam saatlarına qədər kiçikdən böyüyədək müxtəlif əyləncələrə qatılıb, konsert proqramını izləmək olar.