Bakı. 6 aprel. REPORT.AZ/ Sabah, aprelin 7-də "Baku Expo Center"də turizm biznesinin peşəkarları üçün nəzərdə tutulan XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF 2016) sərgisi işə başlayacaq. "Report" xəbər verir ki, sərginin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkəti bununla əlaqədar bu gün mətbuat konfransı keçirib.
Tədbiri giriş sözü ilə açan “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, keçirildiyi illər ərzində AITF sərgisi 40-dan çox ölkədən təxminən 2 200 şirkəti bir araya toplayıb. Onun sözlərinə görə, sərgi çərçivəsində bütün Xəzəryanı regionda mühüm görüşlər keçirilib, tərəfdaşlıq müqavilələri imzalanıb, habelə yeni proqram və istiqamətlər elan edilib.
"Yarandığı gündən etibarən AITF sərgisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Son bir neçə ildir ki, ölkə başçısı sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən həm turizmə, həm də bu sərgiyə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir. Azərbaycanda turizm sənayesində əhəmiyyətli inkişaf müşahidə olunur. AITF sərgisi bu müsbət dinamikanı yaxından əks etdirir. Əgər 2002-ci ildə keçirilən ilk AITF sərgisində 5 ölkədən 26 şirkət iştirak edirdisə, hazırda bir sıra sahələrdə çoxqat artım müşahidə olunur. Müstəqil auditin məlumatlarına əsasən, AITF sərgisi regionda şirkət, ölkə və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur. Bundan başqa, statistik məlumatlar təsdiq edir ki, Azərbaycanda keçirilən bütün sərgilər arasında bu sərgi təmsil olunan ölkələrin sayı üzrə birinci, əhatə etdiyi sahə üzrə beşinci, ziyarətçilərin sayına görə isə altıncı yeri tutur", - deyə şirkət rəhbəri qeyd edib.
F.Məmmədov əlavə edib ki, sərgi hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan 2016-2025 illər üçün Azərbaycanda turizm sektorunun inkişaf strategiyasını yaxın gələcəkdə əks etdirəcək: “Bu il sərgi çərçivəsində 29 ölkədən 330 şirkət qəbul ediləcək. Ümumilikdə isə 80 turizm istiqaməti təqdim olunacaq. Artıq Bolqarıstan, Gürcüstan, Dominikan, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tayland, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna sərgidə milli pavilyonları üçün yer bron edib. İlk dəfə Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub. Bu il Rusiyanın Stavropol əyaləti Mədəniyyət Nazirliyinin kuratorluğu altında Stavropol əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edir".
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin rəisi Mahir Qəhrəmanov çıxışında vurğulayıb ki, daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır: “Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və s. bu kimi regionlarının ənənəvi ekspozisiyası Azərbaycanın daxili turizm potensialını təqdim edəcək. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunacaq. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısı olacaq. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də hotel və sanatoriyalarını öz stendinə bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək".
Xatırladaq ki, bu sərgi aprelin 9-dək davam edəcək.