Sentyabrın 19-26-da Azərbaycan Turizm Bürosu (ATB) Rusiyanın Novosibirsk, Sankt-Peterburq, Ulyanovsk, Kazan, Ufa, Yekaterinburq şəhərlərində silsilə seminarlar keçirəcək.
Bu barədə “Report”a ATB-dən məlumat verilib.
Rusiyanın tanınmış turizm şirkəti “Mouzenidis Travel” şirkəti ilə birgə təşkil edilmiş seminarlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, tarixi məkanları, yerli turizm marşrutları, hotelləri, həmçinin milli mətbəxi barədə ətraflı məlumatlar veriləcək və onların maraq doğuran sualları cavablandırılacaq.
Silsilə seminarların keçirilməsinin əsas məqsədi Azərbaycanın turizm imkanlarının Rusiya Federasiyasında təbliğ ərazilərini daha da genişləndirmək və Rusiyadan ölkəmizə gələn turistlərin sayını artırmaqdır.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
2019-cu ilin yanvar-avqust dövründə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 653 min nəfər təşkil edib.