Bakı. 19 dekabr. REPORT.AZ/ UVT AERO və “Nordavia” aviaşirkətləri Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Azərbaycana beynəlxalq reyslərin həyata keçirilməsi üçün razılıq alıb.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, UVT-AERO aviaşirkəti həftədə 2 dəfə olmaqla Kazan-Gəncə və həftədə 1 dəfə olmaqla Moskva-Naxçıvan istiqamətində uçuşlar həyata keçirəcək.
Bundan başqa, məlumatda deyilir ki, “Nordavia” aviaşirkəti isə Moskva-Naxçıvan istiqamətində uçuçların həyata keçirilməsi üçün razılıq əldə edib. Uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.
Qeyd edək ki, UVT-AERO aviaşirkəti 2015-ci ildə bağlanmış “Ak Bars Aero” şirkətinin bazasında yaradılıb. Şirkət Tatarıstanın şəhərlərindən müntəzəm aviareyslər həyata keçirir. Şirkətin Kazan, Buqulma və Bekişevo şəhərlərində hava limanları mövcuddur.
“Nordavia” şirkəti isə Rusiyanın Şimal-Qərb Federal Dairəsindən Rusiya üzrə sərnişinlərin daşıması ilə məşğuldur. Şirkətin mərkəzi ofisləri “Domodedovo” və “Arxangelsk” aeroportlarında yerləşir. Daşıyıcının parkında “Boeing-737-500” sərnişin laynerləri mövcuddur.