Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirilib

Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirilib Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa təşkil olunub.
Turizm
16 Aprel , 2018 17:04
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirilib
Mct.gov.az

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa təşkil olunub.

"Report" Nazirliyə istinadən xəbər verir ki, ölkədə aqroturizmin inkişaf etdirilməsini nəzərdə tutan layihəni Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi həyata keçirir.

Tədbirdə çıxış edən Nazirliyin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışıb: "Hazırda ölkəmizdə müxtəlif turizm növləri üzrə yüksək səviyyədə fəaliyyət göstərən turizm müəssisələri var. Bu da ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə artmasına müsbət təsir göstərir. “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün qarşıya bir sıra məqsədlər qoyulub. Hazırda “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən də kənd yerlərində turizmin inkişafı üçün bir sıra layihələr icra olunub və bu istiqamətdə işlər davam etdiriləcək".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyat şöbəsinin rəhbəri Jeroen Villems isə qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanda regionların inkişafı üçün bir sıra layihələrin maliyyə dəstəkçisi kimi çıxış edib. Aqroturizmin inkişafının da dəstəklənməsi bu istiqamətdə həyata keçirilən layihələrin davamıdır: “Bu gün Azərbaycanda turizm sənayesi inkişaf etməkdədir. Turizm sənayesinin vacib qollarından biri də aqroturizmdir. Bu turizm növü Avropada geniş yayılıb. İnanırıq ki, Azərbaycanda da turizmin bu növü daha geniş inkişaf edəcək. Çünki aqroturizm regionların, kənd yerlərinin inkişafına, bu sahə ilə məşğul olan insanlarının maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir”.

Bildirilib ki, Aİ Azərbaycanın regionlarının inkişafı ilə bağlı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx işləyir. Həyata keçirilən proqramlar bundan sonra da davam etdiriləcək.

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə haqqında ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, layihənin məqsədi Azərbaycanın 8 rayonunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) aqroturizmin inkişafını dəstəkləməklə kənd yerlərinin inkişafına nail olmaqdır: “Aqroturizm Azərbaycanda turizmin inkişafda olan yeni növüdür. Biz bu sahə üzrə həm turizmlə, həm də kənd təsərrüfatı ilə məşğul olan sahibkarların birgə fəaliyyətini təşkil edib, bu sahənin inkişafının təmin olunmasını düşünürük. “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi 32 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində hər rayonda bir nümayiş fermer təsərrüfatları yaradılacaq. Həmin təsərrüfatlar üçün lazım olan bütün maddi-texniki imkanlar bu layihə tərəfindən təmin olunacaq”. 

Qeyd olunub ki, turistləri arqoturizmə cəlb etmək üçün bu sahə üzrə ayrıca portalın yaradılması da nəzərdə tutulub. Daha sonra aqroturizmin inkişafı ilə bağlı verilən təkliflər ətraflı müzakirə edildi, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi