Mayın 19-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatının bağlanış mərasimi keçirilib. Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilən yarışmanın qalibləri mükafatlandırılıb.
"Report" xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Agentliyin tabeliyindəki Milli Kulinariya Mərkəzi vasitəsilə qastronomik turizmin inkişaf etdirilməsi istiqamətinə bir sıra işlər görüldüyünü qeyd edib: “Bu istiqamətdə Dövlət Turizm Agentliyinin əsas yanaşması qastronomik turizm məhsullarının hazırlanması və inkişaf etdirilməsi, beynəlxalq səviyyədə milli mətbəx nümunələrinin təqdimi və təbliğinə əsaslanır. Eyni zamanda, müasir təhsil yanaşmalarının tətbiqi, yerli mütəxəssislərin beynəlxalq yarışlarda iştirak təcrübəsinin artırılması və milli komandanın formalaşdırılması hədəflərimiz sırasındadır”. Azadə Hüseynova bu cür yarışların da Dövlət Turizm Agentliyi tərəfindən dəstəkləndiyini və ölkəmizdə kulinariya sahəsinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli bu il ilk dəfə olaraq "Qızıl Şah" Milli Kulinariya Çempionatının rəsmi olaraq Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) statusu ilə keçirildiyini açıqlayıb. Qeyd olunub ki, bu, Milli Kulinariya Çempionatının qaliblərinin, yarışmanın nəticələrinin və praktika keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradır.
“Gənc aşpaz”, “Böyük aşpaz” və “Qənnadçı aşpaz” kateqoriyaları üzrə qaliblərin mükafatlandırılma mərasimində ümumilikdə üç kateqoriya üzrə 55 bürünc, 22 gümüş və 16 qızıl medal təqdim olunub. Bundan əlavə, “Böyük aşpaz” kateqoriyasında yarışan Rasim Rzayev 1-ci yer, Seymur Rəcəbov 2-ci yer, Elgün Məmmədov isə 3-cü yerin sahibi olaraq “Qızıl Şah” çempionatının kuboklarına layiq görülüblər. “Gənc aşpaz” kateqoriyasında isə Kamal Ağayev 1-ci, Hüseyn Məmmədov 2-ci və Nüşabə Zərbəliyeva isə 3-cü yerə sahib çıxaraq kubok qazanıblar.
Mərasimdə Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimlərindən ibarət münsiflər heyətinin hər bir üzvünə təşəkkürnamə və xatirə medalları təqdim olunub. Qeyd edək ki, münsiflər arasında İtaliya, Böyük Britaniya, Serbiya, ABŞ, Xorvatiya, Rusiya, Monteneqro və digər ölkələrdən olan hakimlər təmsil olunublar.