Qış turizminə hazırlıq: yerli səyahətçilər nədən narazıdır?

Qış turizminə hazırlıq: yerli səyahətçilər nədən narazıdır?
Turizm
140
13 Dekabr , 2021 15:34
Qış turizminə hazırlıq: yerli səyahətçilər nədən narazıdır?

Bu həftədən etibarən Azərbaycanda qış turizm mövsümünün açılışının olması gözlənir. Ölkəmizin qonşu dövlətlərlə quru sərhədləri bağlı olduğu üçün səfər edənlərin sayında yerli turistlərin çəkisi xüsusi əhəmiyyət kəsb edəcək.

Digər tərəfdən də onu qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, hazırda 60-dan çox ölkənin vətəndaşının hava yolu ilə Azərbaycana gəlməsinə icazə verilib. Bu da digər ölkələrdən gələcək turistlərin də sayının artacağını deməyə əsas verir.

Son zamanlar koronavirusun “Omikron” ştamının bir sıra ölkələrdə yayılması və Azərbaycanın əsas turizm tərəfdaşları olan ölkələrdə də müəyyən qapanmalara gedilməsi səbəbindən Azərbaycanda da müəyyən işlərin görülməsinə başlanılıb.

Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə “Report”a bildirib ki, son aylar Azərbaycana səfər edən turistlərin sayı artmaqdadır:

"Noyabrda Azərbaycana 86 min əcnəbi vətəndaş səfər edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 136 % çoxdur. Bu dövr ərzində Azərbaycana gələnlər əsasən Rusiya, Türkiyə, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Hindistan, İsrail, Qazaxıstan, Birləşmiş Krallıq, Küveyt, Almaniya və ABŞ-ın payına düşür”.

Kənan Quluzadə
Kənan Quluzadə

DTA rəsmisi Yeni il şənlikləri ilə bağlı xüsusi təkliflərin hazırlandığını qeyd edib:

“Qış mövsümünə hazırlıq işləri aparılır və bu istiqamət üzrə qış komplekslərində yeni məhsullar hazırlanır. Amma əlbəttə ki, daxili turizmin üzərinə əsas yük düşəcək. Hotellərdən aldığımız ilkin məlumata görə, əsas turizm məkanlarında yerləşən hotellərdə Yeni il şənlikləri üçün sifarişlər yüksək səviyyədədir. Bu isə marağın böyük olduğunu göstərir”.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov “Report”a açıqlamasında deyib ki, hazırda Azərbaycanda təqdim edilən xidmətlər üzrə qiymətlər əl yandırır:

“Bu həftədən etibarən “Şahdağ” və “Tufandağ”da qış turizminin rəsmi açılışı olacağını gözləyirik. “Şahdağ”da qiymətlərlə bağlı turizm şirkətlərinin müəyyən problemləri yaranır. Belə ki, şəxsi nəqliyyat vasitəsi ilə gələn turistlər üçün rahat şərait yaradılır, amma turizm şirkətləri ilə səyahət edənlər üçün qaydalar dəyişir. Məsələn, parkinqdən yalnız fərdi nəqliyyat vasitə sahiblərinin istifadə edə biləcəyi, mərkəzin ərazisində olan restoranların xidmətlərindən yalnız hoteldə qalanların yararlana biləcəyi mümkündür və s. bu tipli qaydalar tur şirkətlərinin fəaliyyətinə çətinliklər yaradır.

Ölkədən xaricə gedənlərə gəlincə isə onu qeyd edim ki, hazırda quru sərhədləri bağlı olduğu üçün Gürcüstana turlarımız yoxdur. Qış mövsümündə Gürcüstanın Bakuriani bölgəsinə səfər edənlər artsa da, bu il məlum səbəblərdən biz bunu təşkil edə bilmirik. Hazırda yalnız Türkiyənin Aydar yaylasına tur təşkil etmək olur. Ümumi qiyməti 199 ABŞ dolları olan tur çərçivəsində Naxçıvana təyyarə ilə reys təşkil olunur, oradan da Türkiyəyə keçilir”.

A. Ağalarov hesab edir ki, turpaketlərin satışı ötən illərə nisbətən 5 dəfə azalıb:

"Ümumiyyətlə pandemiyadan sonra turizm sektorunda canlanma mümkün olmur. Çünki bir qədər canlanma olan kimi hansısa problem çıxır və yenidən geriləmə olur. Turpaketlərə gəlincə isə əvvəlki illərə nisbətən satışlar çox aşağı düşüb. Əgər müqayisə etsək deyə bilərəm ki, son iki ayda yalnız mövsümi satışların 10-20 faizi civarında turpaket satışı həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi