Bakı. 1 may. REPORT.AZ/ 2017-ci il iyunun 10-dan sentyabrın 10-dək Qazaxıstan paytaxtında "EXPO-2017" beynəlxalq sərgisi keçiriləcək.
2012-ci il noyabrın 22-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun 152-ci Baş Assambleyası baş tutub. Baş Assambleyanın qərarına əsasən, Astana "EXPO-2017" sərgisini keçirmək hüququnu qazanıb.
"Report" agentliyinin müxbiri sərginin keçirilməsi ilə bağlı obyektlərin inşa olunduğu yerlərə baş çəkib.
Bu tədbirin hazırlanması üçün qısa zaman kəsiyinə baxmayaraq, sərgini yüksək səviyyədə keçirmək və oraya gələn qonaqları heyrətləndirmək üçün Qazaxıstan inamla məqsədinə doğru irəliləyir.
Qeyd etmək lazımdır ki, "EXPO" sərgiləri ən əhəmiyyətli və məşhur tədbirlərdən biridir. Bu sərgidə tamaşaçılara bəşəriyyətin ən müasir yenilikləri və ixtiraları nümayiş etdirilir.
"EXPO-2017" sərgisi də bu baxımdan maraqlı olmalıdır. Qazaxıstanın aparıcı neft və qaz, eləcə də uran istehsalçısı ölkələrindən biri olduğuna görə sərgi "Gələcəyin enerjisi" şüarı altında keçiriləcək. Ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı üçün geniş potensial mövcuddur. Həmin ideya sərgi üçün obyektlərin tikintisi zamanı əsas kimi götürüləcək. Xüsusilə sərgi keçiriləcək ərazidə Qazaxıstanda birinci olan geotermal sularla qızdırılan bina inşa ediləcək. Bundan əlavə, burada külək generatorlarından istifadə olunacaq və günəş batareyaları da quraşdırılacaq.
Təşkilatçılar yalnız enerji mövzusuna deyil, həm də mədəniyyət və innovasiya mövzularına diqqət ayırıb. Bu məqsədlə "EXPO-2017"də Gələcəyin Muzeyi, eləcə də digər obyektlər tikiləcək.
"EXPO-2017" sərgisinin inşa olunduğu yer təsadüfi seçilməyib. Ehtimal olunur ki, burada tikilən obyektlər tədbir bitdikdən sonra laboratoriyalara çevriləcək və Nursultan Nazarbayev adına Universitetin nəzdinə veriləcək.
"Astana EXPO-2017" Milli Şirkəti İdarə Heyətinin sədri, Gürcüstanın sabiq iqtisadiyyat naziri Vera Kobaliya qeyd edib ki, sərgi əsasən gənclərə və onların diqqətinin innovasiyalara cəlb olunmasına yönəlib. Bundan başqa, onun sözlərinə görə, sərgidə bir çox inkişaf edən ölkələr iştirak edəcək. Onlar energetika sahəsində öz innovasiya və təcrübələrini nümayiş etdirə, eləcə də yeni tərəfdaşlar tapa biləcəklər.
Sərgidə 90-a yaxın ölkə iştirak edəcək. Azərbaycan sərgidə öz iştirakını rəsmi olaraq təsdiq edən ilk ölkələrdən biridir.
Bu günə qədər 30% obyektlərin tikintisi başa çatıb. İlin sonunadək obyektlərin divar və damlarının tikintisinin tamamlanması nəzərdə tutulub, bundan sonra daxili tamamlanma işləri həyata keçiriləcək. İşi vaxtında təhvil vermək üçün burada 4500-ə yaxın insan və 60 qaldırıcı kran çalışır. Obyektlərin tikintisinə Qazaxıstanın büdcəsindən 3 mlrd. dollar vəsait ayrılıb, 1 mlrd. dollar isə birbaşa olaraq digər ölkələr tərəfindən yatırıb.