Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm sərgilərindən biri olan "EMİTT 2022" - "Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi"ndə təbliğ edilir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, sayca 25-ci olan beynəlxalq sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri milli stendimizlə təmsil edir. Stenddə eyni zamanda 5 yerli turizm şirkəti, 1 mehmanxana qrupu və "Azərbaycan Hava Yolları" QSC də iştirak edir.
Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində Türkiyənin aparıcı turizm şirkətləri və sərgidə təmsil olunan digər xarici ölkələrdən olan nümayəndələrlə B2B (Biznesdən biznesə) formatlı görüşlərin keçirilməsi, marketinq və PR agentləri, eyni zamanda dövlət qurumları və təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Təşkil olunacaq görüşlərdə qarşılıqlı əməkdaşlıq, turizm potensialının tanıdılması kimi məsələlər müzakirə ediləcək, eləcə də yerli turizm məhsulları, ekoturizm, kampinq, şərab turizmi və qastranomiya, qış turizm imkanları nümayiş olunacaq.
Qeyd edək ki, 2020-ci ildə keçirilən sərgidə dünyanın 103 ölkəsindən 842 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 44 mindən çox ziyarətçi qəbul edib.