Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub

Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub Dövlət başçısı müxtəlif pavilyonlarda olub
Turizm
2 Dekabr , 2014 12:02
Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

"Report" xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevə məlumat verib ki, artıq ikinci ildir sərgidə Azərbaycan milli pavilyonu yaradılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu ziyarətçilərin böyük marağına səbəb olur.

Prezident İlham Əliyev Milli Nüvə Tədqiqatları Mərkəzinin maketi ilə tanış olub. Bildirilib ki, artıq Mərkəzin sterilizasiya məqsədli qamma şüalanma kompleksi və kiçik aktivlikli qamma şüalanma mərkəzinin binaları hazırdır.

Qeyd olunub ki, sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı ilk dəfə olaraq öz stendi ilə iştirak edir. Təşkilatın baş katibi Hamadun Ture deyib ki, İKT sahəsində həyata keçirilən dinamik inkişafın və əldə olunan nailiyyətlərin nəticəsidir ki, Azərbaycan qurumun ali idarəetmə orqanı olan Şuraya üzv seçilib. Qurumun stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim edilir.

Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə də tanış olub.

b. Bildirilib ki, regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir.

Sonra dövlət başçısı İsrailin sərgidə təmsil olunan şirkətlərinin stendlərinə baxıb. “PİNEAPP LTD” şirkəti təhlükəsizlik üzrə qabaqcıl həll variantlarının təchizatçısı kimi bazara e-poçtun təhlükəsizlik sistemlərini təklif edir. Ümumilikdə, İsrail budəfəki sərgidə 14 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyev Böyük Britaniyanın pavilyonunda olub. Sərgiyə 7 şirkətlə qatılan Böyük Britaniya İKT sahəsində ən son texnologiyaları təqdim edir.

Prezident İlham Əliyev sərginin əsas tərəfdaşlarından olan “İNTEL” şirkətinin stendi ilə də yaxından tanış olub. Şirkət kompyuter innovasiyaları sahəsində dünya üzrə aparıcı mövqe tutur və bütün dünyada kompyuter cihazları üçün baza funksiyasını yerinə yetirən zəruri texnologiyaların layihələndirilməsi və istehsalı ilə məşğuldur. Artıq şirkətin təqdim etdiyi virtual siniflər Bakının bir neçə təhsil ocağında tətbiq olunur.

Dövlət başçısı Türkiyənin stendinə də baxıb. Qeyd edilib ki, qardaş ölkə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş 16 şirkəti təmsil olunub.

Prezident İlham Əliyev “SİNAM” MMC-nin stendinə də baxıb. Əsası 1994-cü ildə qoyulan SİNAM regionda genişmiqyaslı İT xidmətləri və məhsulları təklif edən aparıcı şirkətdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirilir.

Son xəbərlər

Orphus sistemi