Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında məlumatda deyilir.
Bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 69,8% azalaraq 806 min olub.
Cari ilin yanvar-sentyabr aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 56%-i Bakıda, 10,7%-i Qəbələdə, 6,1%-i Qusarda, 4,9%-i Qubada, 3,6%-i Naftalanda, 2,8%-i Lənkəranda, 2,5%-i Naxçıvan Muxtar Respublikasında, 1,4%-i Şabranda, hər birində 1,1% olmaqla Mingəçevirdə, Qaxda və Xaçmazda, 0,8%-i Gəncədə və 7,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 78,8% azalaraq 370,5 min olub ki, bu da ümumi gecələmələrin 46%-ni təşkil edir. Gecələmələrin 15,2%i Rusiya Federasiyası, 10,4%-i Səudiyyə Ərəbistanı, 10,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 7,3%-i Türkiyə, 6,1%-i Hindistan, 6%-i Böyük Britaniya, 4,6%-i Küveyt, 3,2%i İsrail, 3,1%-i İran, 2,2%-i ABŞ, 1,8%i Qətər, 1,7%-i Almaniya, 1,6%-i İraq, 1,5%-i İtaliya,1,4%-i Pakistan, 1,4%-i Qazaxıstan, 1,3%-i Ukrayna, 1%-i Gürcüstan, 1%-i Belarus, 18,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,6%-i Bakıda, 6,7%-i Qusarda, 4,6%-i Qəbələdə, 4,2%-i Naftalanda, 3,5%-i Naxçıvan Muxtar Respublikasında, 2,3%-i Qubada, 2,1%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 52,8% azalaraq 435,5 min olub.
Cari ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6% azalaraq 94,9 milyon manat olub ki, onun da 58,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,6%-i ictimai iaşə xidmətlərindən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7% səviyyəsində olub (2019-cu ilin yanvar-sentyabr aylarında 23,6%). Bu göstərici Beyləqanda 24%, Naftalanda 17,3%, Qəbələdə 13,3%, Şabranda 12,1%, Qubada 11,2%, Bakıda 10%, Biləsuvarda 9,7%, Qusarda 9,6%, Göyçayda 9,3%, Sabirabadda 8,9%, Şəmkirdə 8,9%, Lənkəranda 7,8%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.