Bu gün Dövlət Turizm Agentliyi yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Qobustan kəndindəki “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə mediatur təşkil edib.
"Report" xəbər verir ki, mediaturun məqsədi ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduqları Palçıq Vulkanları Turizm Kompleksi barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova turizm kompleksinin missiyası və gələcəkdə nəzərdə tutulan planlar haqqında ətraflı məlumat verib, sualları cavablandırıb.
"Azərbaycanda ilk dəfədir ki, palçıq vulkanlarından istifadə etməklə turizm kompleksi yaradılır. Bildiyiniz kimi, palçıq vulkanlarının müalicəvi əhəmiyyəti var. Yaxın zamanlarda kompleksin tikintisinə başlamağı, qısa zamanda isə işləri yekunlaşdırmağı düşünürük. Palçıq vulkanlarının müxtəlif xüsusiyyətləri bu kompleksin tərkib hissəsi kimi turistlərə təqdim ediləcək", - o qeyd edib.