"Azərbaycan Hava Yolları" (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsinin alınması ilə bağlı bu gün Bakıda keçirilən imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, bu müqavilənin imzalanması yalnız AZAL-ın gələcək fəaliyyətində deyil, həmçinin ölkənin gələcək inkişafı üçün atılmış mühüm addımlardan biridir: “Ölkəmiz müstəqillik qazanandan sonra AZAL ölkədə yaradılan ilk şirkətlərdən biridir".
Nazir vurğulayıb ki, aviaşirkətin parkına 12 təyyarənin ələva edilməsi heç də təsadüfi deyil: "Bu, ümumilikdə AZAL-ın 2030-cu ilə qədərki inkişaf strategiyası ilə bağlı məsələdir. Bu gün imzalanan müqavilə həmin strategiyanın tərkib hissəsidir".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı fərman və sərəncamlara uyğun olaraq Azərbaycanda dövlətə məxsus şirkətlərin ümumi transformasiya prosesi başlayıb: "Bu proses AZAL-dan da yan keçməyib. Həmin zaman Azərbaycan İnvestisiya Holdinqi yaradılıb, holdinqin qarşına konkret hədəflər və tapşırıqlar qoyulub. Bu hədəflərdən biri də budur ki, dövlətə məxsus şirkətlər effektiv olmaqla yanaşı həm də səmərəli olmalıdır".
Nazir əlavə edib ki, AZAL-ın bu illər ərzində əldə etdiyi ən böyük nailiyyət regionda və dünyada ən təhlükəsiz aviaşirkət olmasıdır: "Təhlükəsizlik bizim üçün ən vacib məsələlərdən biridir".
Xatırladaq ki, Azərbaycan milli aviadaşıyıcısı "A320neo" və "A321neo" laynerləri daxil olmaqla "A320neo" ailəsinə aid 12 “Airbus” təyyarəsi sifariş edib. Müqavilənin imzalanma mərasimi bu gün Bakıda baş tutub.