Dövlət Turizm Agentliyi (DTA) Azərbaycanda xüsusən də azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı mühüm addımlar atır. Bu gün turizm məhsulları içərisində getdikcə tələbat artan, amma hələ ölkəmizdə o qədər də inkişaf etməyən turizm növü “MICE turizmi”dir.
Rəsmi açıqlamada da deyilir ki, DTA və aidiyyəti digər qurumlar azad edilmiş ərazilərdə bu turizm məhsulunu inkişaf etdirmək üçün işlər həyata keçirir.
“MICE” ingilsi sözləri olan meetings (görüşlər), incentives (təşviqlər), conferences (konfranslar) və exhibitions (sərgilər) sözlərinin baş hərflərindən hazırlanan abreviaturadır.
“MICE turizmi”nin əhəmiyyəti və onun Azərbaycana gətirəcəyi üstünlüklərini “Report”a şərh edən "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov hesab edir ki, ölkəmizin bu sahədə böyük potensialı var.
“MICE turizmi” Azərbaycanda yenidir. Təxminən pandemiyadan bir müddət öncədən onun tətbiqinə başlandı. Amma o qədər də kütləvi hal ala bilməmişdi. Gəlmə turizminin inkişafı bu turizm məhsuluna olan marağı da artırıb və ölkələrdən Azərbaycana biznes məqsədi ilə gələn turistlər bu turizm növü ilə də işləyirlər. “MICE” dedikdə biz əsasən biznes yönlü turizm nəzərdə tuturuq. Bura konfranslar, konqreslər, biznes forumlar və s. daxildir. Azərbaycanda Konqres Mərkəzinin istifadəyə verilməsi də “MICE turizmi” üçün böyük bir təkan idi. Hansı ki, xaricdən gələn müxtəlif təklifləri həmin Konqres Mərkəzində həyata keçirmək mümkün idi və pandemiyadan əvvəl bunu kütləvi şəkildə həyata keçirmək olardı.
Bu növ tədbirləri və bu turizm növünün tətbiqi ölkədə olan digər konfrans zallarında da reallaşdırmaq mümkündür. Bu zaman isə biznesyönlü hotellərin də həmin məqsədlə gələn iş adamlarının qalmasına şərait yaradırlar. Təbii ki, biznes hotellərdə iş adamlarının qarşılanması və onlara xidmət göstərilməsi də “MICE turizmi”nin tərkib hissəsidir”.
AzTA rəsmisi azad edilmiş ərazilərin tanıdılması və investisiya cəlbi sahəsində də bu turizm növünün əhəmiyyətli olduğunu qeyd edib:
“Torpaqlarımız işğaldan azad edildikdən sonra orada həyata keçirilən geniş şəkildə infrastruktur və şəhərsalma işləri tam sürəti ilə davam etdirilir. Bildiyiniz kimi Qarabağda 3 hava limanının tikintisi nəzərdə tutulub ki, onlardan artıq birinin də açılışı həyata keçirilib və tam istifadəyə hazırdır. Biz istəyirik ki, azad edilmiş ərazilərdə bir çox turizm növlərinin tətbiqini həyata keçirək. “MICE turizmi” də bunlardan biridir.
Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi müxtəlif xarici investorları Qarabağa cəlb edib oranı inkişaf etdirmək lazımdır. Bu baxımdan bizim azad edilmiş ərazilərdə tətbiq etməli olduğumuz turizm növlərindən biri “MICE turzmi”dir. Hesab edirəm ki, yenidənqurma işləri bitəndən və orada yeni hotellər tikilib istifadəyə veriləndən sonra bu turizm növünün tətbiqinin şahidi olacağıq. İnvestorlar dedikdə orada konfrans və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur ki, bu da həmin ərazilərin dünya tərəfindən yaxşı tanınmasına xidmət edir. Bu həm də sərmayədarlara oradakı potensialı görməyə şərait yaradacaq. Bu baxımdan turizm şirkətlərinin üzərinə böyük iş düşür. Həm azad edilmiş ərazilərdəki hotellərin tikintisində bunu nəzərə almaq lazımdır, həm də turizm şirkətlərinin peşəkarlığı yüksəldilməlidir.
Əgər biz “MICE turizmi”ni inkişaf etdirmək istəyiriksə həm azad edilmiş ərazilərdə, həm Bakıda, həm də ölkənin digər yerlərində hotellərin tiplərini bir qədər artıraq. Bu gün ölkəmizdə olan 4 və 5 ulduzlu hotellərin sayı daha da artmalıdır. Təbii ki, biz “MICE turizm”ni tətbiq edərkən iş adamlarının tələblərinə cavab verən hotellərimiz daha çox olmalıdır. Həmçinin həmin hotellər də bu tip görüşləri keçirmək üçün müxtəlif konfrans zallarına malik olmalıdır. Hesab edirəm ki, pandemiyadan sonra bu turizm məhsuluna olan tələbat daha da artacaq və biz isə bunun üçün üzərimizə düşən işləri həll etməliyik”.