Tarixi məkanlara, xüsusilə atalarımızın qurub-yaratdığı, dünya irsinə yadigar qoyduqları tarixi abidələrin yerləşdiyi ərazilərə səyahət etmək şüuraltımda qəribə və izahı olmayan fikirlərin yaranmasına səbəb olur. Məhz ona görədir ki, səyahət zamanı insanların marağını daha çox qədim qalalar, antik şəhərlər çəkir.
Türkiyəyə səfərimiz zamanı Elazığ şəhərində yerləşən tarixə “Süd Qalası” kimi də düşmüş Harput qalasına baş çəkirik. Qala dağın başında inşa edilib və dağın dərinliyinə qədər uzanır. Urartu dövründə tikildiyi deyilən qalanın dağın dərinliyində yerləşən zindanına enmək üçün istifadə olunan pilləkənləri indiyədək olduğu kimi qorunub saxlanılıb. Təxminən, 4 min il öncə tikilən tunellərə, enişli-yoxuşlu pilləkənlərə sonradan heç bir müdaxilə olmayıb.
Əzəmətli Harput qalasının zindanlarında xristian dünyasının iki ən məşhur sərkərdəsi - Qüds kralı II Baudouin və Urfa qrafı Josel həbsdə saxlanılıblar. Təəssüf ki, arxeloji qazıntılar davam etdiyi üçün həmin o məşhur zindana enmək imkanımız olmadı.
Hərə öz zəmanəsində oturub tarix yaza bilməz. Bunun üçün bütün ruhu ilə keçmişə qayıtmaq, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. Bəlkə də ona görə burada özümü zaman maşınında 4 min il geriyə səyahət edirmiş kimi hiss edirəm. Qalaya qalxan hər bir daşın, hər qaya parçasının, qayalarda yaranmış çuxurlardakı su qalıqlarının, hətta qurumuş otların belə tarixi var.
Qalanın hündürlüyü yerdən yerə dəyişir. İç qala və xarici divarlar olmaqla iki hissədən ibarət olan Harput qalasının bu günə qədər orijinal quruluşunun qorunub saxlanmasında Artuqilər dövründə aparılan təmirin töhfəsi böyükdür. Daha sonra qala Dulqədiroğulları, Ağqoyunlu və Osmanlı dövründə də təmir edilib.
Müharibələr zamanı qalanın xarici divarları tamamilə dağıdılıb. Sərt və nəhəng qayalar üzərində tikilmiş və mühasirəyə alınması çox çətin olan qala xəstəxanası, taxıl anbarı, zərbxanası, məscidi, su anbarı və bir çox mülki tikililərin olduğu böyük bir antik məhəllədir.
Harput qalasının hansı məqsədlə tikildiyi bilinməsə də, tarixçilər onun bölgəyə hakim mövqeyinə görə təhlükəsizlik məqsədi ilə inşa olunduğu fikri üzərində dayanırlar.
Qala haqqında bir çox fərqli əfsanələr var. Onlardan biri də qalanın inşası ilə bağlıdır. Tikinti zamanı lazımi məhlulun hazırlanmasında su əvəzinə süddən istifadə edildiyi üçün Harput qalası “Süd qalası” da adlanır.
Rəvayətə görə, qalanın təməli qoyulur və qala divarları yüksəlməyə başlayır. Lakin həmin ildən başlayan su qıtlığına bir çarə tapılmır. Bu zaman su qıtlığının əksinə heyvanların südü kifayət qədər bol olur. Vəziyyət qarşısında dövrün hökmdarı məhlul üçün su əvəzinə süddən istifadə etməyi tapşırır. Heyvanlar sağılır. Məhlul südlə qarışdırılır və qala tamamlanır.
Harput qədim mədəniyyətlərin bir-birinə qarışdığı tarixi antik məkandır. Qədim Harput mədəniyyətini əks etdirən evə çatanda mədəniyyət və tarix bizi elə birinci qapıdan qarşılayır. Muzey kimi fəaliyyət göstərən evin qeyri-adi qapısı unikallığı ilə seçilir.
Bələdçimiz bildirir ki, Harputda qədimdən qapı mədəniyyəti mövcud olub. Belə ki, qapını döymək üçün üç fərqli dəmirdən hazırlanmış vasitə var. Onların çıxardığı səsdən ev sakini gələn qonağın kişi, qadın, yaxud uşaq olduğunu anlayır. Evin içərisində olan bütün əşyalar ətraf kəndlərdən toplanaraq nümayiş etdirilir. Üç mərtəbədən ibarət evin iki ayrı həyəti, kiçik bağı mövcuddur.
Qədim evin həyətindən aydın eşidilən azan səsi bizi tarixi Harput “Ulu Cami”sinə səsləyir. Məscidin minarəsi əyridir və bizdə ilk olaraq belə təəssürat yaranır ki, onun kifayət qədər yaşı olduğu üçün minarədə bu cür vəziyyət yaranıb. Lakin bələdçimiz bildirir ki, məscidi inşa edən memar şəhərə gələn qonaqların diqqətini çəkmək üçün onun minarəsini bilərəkdən əyri tikib. Həqiqətən də bu mənzərəni görəndə həmin memarın məqsədinə çatdığı təsdiqlənir...
Bir maraqlı məqam da ondan ibarətdir ki, minarə İtaliyadakı məşhur Piza Qülləsindən daha əyridir. Görünür, tarixi təbliğ etməkdə italyanlardan öyrənəcəyimiz çox şey var.
İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində tarixdə qalmaq arzusu da var. Antik tikililər, qalalar, bir sözlə, bizə tarixi xatırladan və əsrlərlə yaşı olan bütün bu abidələr məhz həmin arzunun nəticəsidir. Fikrimcə, Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası isə elə həqiqətən də türklərin üzərinə düşür. Çünki tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür.
Bir sözlə, dörd min yaşı olan şəhərdən çox yazmaq olar, lakin yüz dəfə oxumaqdansa, bir dəfə görmək daha yaxşıdır...
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist qardaş ölkəyə səfər edib.