Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi ilə turizm sektoruna diqqət və qayğı göstərilməsinin şahidiyik.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Xusrov Noziri təmsil etdiyi qurumun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib.
"Regionda 6 şəhər turizm paytaxtı olmağa layiq görülüb və onlardan biri Şuşadır. Azərbaycanda turizmə diqqət və qayğının nəticəsidir ki, Şuşa şəhəri Azərbaycanın turizm paytaxtı seçilib. Hesab edirik ki, texnoloji inkişaf dövründə sıx əməkdaşlığımızı davam etdirərək bu sektorun inkişafına nail ola bilərik. Biz həm də turizm sahəsində spesifik təhsil ehtiyaclarımızı qarşılamalıyıq", - deyə o qeyd edib.
İƏT-in Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireçci isə deyib ki, gələcək üç il üçün üzv dövlətlərə 70-dən çox tədris sahəsi ilə bağlı müraciət edilib: "Bu müddət ərzində əsasən tibbi və mühəndislik təhsilinə önəm veriləcək. Biz turizm sahəsinin həssaslığını nəzərə almalıyıq. Qlobal böhranlar bu sahəyə birbaşa təsir edir. Bu isə turizm sektorunun kövrəkliyindən irəli gəlir. Həmçinin müəyyən etməliyik ki, gənclərimizə daha çox hansı ixtisaslar öyrədilməlidir. O ixtisaslar tədris edilməlidir ki, gənclərimiz bu sahənin inkişafına töhfə verə bilsin. Təbii ki, turizmin inkişafı sülhə və mədəni inkişafa töhfə verir”.