Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanda olan turizm şirkətləri ilə əlaqələri genişləndirmək istəyir.
"Report" xəbər verir ki, bu məsələ Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun IATA-nın Mərkəzi Asiya,Türkiyə və Azərbaycan regionu üzrə xüsusi nümayəndəsi Funda Çalışırla keçirilən görüşdə müzakirə edilib.
Görüşdə həmçinin pandemiyadan sonra müxtəlif ölkələr üzrə xidmət göstərən beynəlxalq hava yolları şirkətlərinin hazırkı fəaliyyət imkanları və bu istiqamətdə tətbiq edilən yeniliklər haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin assosiasiyalar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı, biznes mühitinin yaxşılaşdırılması, birgə iş birliyinin formalaşdırılması, eləcə də layihələr və yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində assosiasiya rəhbərləri bu formatlı görüşlərin keçirilməsinin vacibliyinə toxunaraq gələcəkdə bu istiqamətdə müsbət nailiyyətlərin əldə olunması üçün birgə səylərin artırılmasına dəstək olacaqlarını bildiriblər.