Bakı. 10 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində Bakıya gələn vətəndaşların əksəriyyəti dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. Bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.
Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda qeyd edilib.
"Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2 000-2 500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm 3 000-3 500 təşkil edir. Eyni zamanda, Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı adi günlərə nisbətən 10-15% təşkil edir. Sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir", - deyə məlumatda qeyd edilib.