Azərbaycan və Gürcüstan pandemiyadan öncə mövcud olan kombo turist səfərlərinin yenidən təşkili üçün danışıqlar aparır. Belə ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri ilə Gürcüstanın Turizm Assosiasiyasının üzvləri arasında keçirilən görüşdə bu məsələ bir daha gündəmə gətirilib.
Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze ilə bu mövzuda müzakirələr aparan ATAA -nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Report”a bildirib ki, belə turların təşkili bir neçə aspektdən Azərbaycan üçün əhəmiyyətli olacaq.
“Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində kombo turların təşkil edilməsi təcrübəsi pandemiyadan öncəki dövrdə olub və uğurla tətbiq edilirdi. Turistlərin bu istiqamətdə həm individual, həm də qrup şəklində turları təşkil edilirdi. Qeyd etdiyim kimi, bu da çox uğurlu layihə idi. Təəssüflər olsun ki, pandemiya başladı və bu dövrdə sərhədlərin bağlanması məcburiyyətində qaldıq. Düşünürəm ki, yaxın gələcək üçün biz tam olaraq hazırlıqlarımızı görməliyik. Quru sərhədlər açıldıqdan sonra isə bu proses daha da sürətli və geniş şəkildə davam edəcək", - G. Qəhrəmanov qeyd edib.
Onun fikrincə, bu yaxşı təcrübədir: "Xaricdən, xüsusən də uzaq ölkələrdən bu bölgəyə üz tutan turistlər üçün belə turlar maraqlıdır. Avstraliya, Sinqapur, Malayziyadan Azərbaycana turistlər gəlirsə onlar bölgədə olan digər ölkələri də görmək istəyirlər. Məhz kombo turlar onlara Azərbaycan, Gürcüstan və Türkiyəyə səyahət etmək üçün sərfəli və cəlbedicidir.
İstərdik ki, gələcəkdə türkdilli dövlətlərin ərazilərindən keçən marşrutlar üzrə də belə kombo turları təşkil edək. Turizm şirkətləri bu marşrutlar üzərində də daim işləyirlər. Hazırlıqlar görülür və tezliklə bu məsələnin də öz aktuallığını tapacağını düşünürük".
G. Qəhrəmanovun sözlərinə görə, kombo turlar turistlərin ölkəyə cəlbi üçün əlavə vasitədir və bu, Azərbaycana və regionda olan digər ölkələrə turist axınına səbəb ola bilər: "Təbii ki, nəticədə region ölkələrinə səfər edən turistlərin say artımına da nail olunacaq.
Eyni zamanda maliyyə tərəfinə də baxsaq görərik ki, belə kombo turların olması turistlərin müəyyən vəsaitlərə qənaət etməsinə də səbəb olur. Belə ki, bir səfərə hər 3 ölkəni ziyarət etmək maliyyə baxımından turistlərə sərfəlidir. Çünki hər 3 ölkəyə ayrılıqda səfər etmək baha başa gəlir”.