Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən cəm olaraq 54,4 milyon manat, o cümlədən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat vəsait nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında turizm sahəsi üçün müəyyən edilmiş turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi fəaliyyət istiqaməti üzrə davam edən 2 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 25,6 milyon manat proqnozlaşdırılıb.