Ərəbləri Azərbaycana gətirən nədir?

Ərəbləri Azərbaycana gətirən nədir? Bu ilin oktyabr ayında Azərbaycana 160 467 turist gəlib və bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 76 % artım deməkdir. Oktyabr üzrə TOP-15 ölkə sırasında ərəb ölkələrinin xüsusi çəkisi var. Belə ki, bu siyahıda yer alan Səudiyyə Ərəbistanından 4 100,
Turizm
4 Noyabr , 2022 17:10
Ərəbləri Azərbaycana gətirən nədir?

Bu ilin oktyabr ayında Azərbaycana 160 467 turist gəlib və bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 76 % artım deməkdir. Oktyabr üzrə TOP-15 ölkə sırasında ərəb ölkələrinin xüsusi çəkisi var. Belə ki, bu siyahıda yer alan Səudiyyə Ərəbistanından 4 100, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) isə 2 200 vətəndaş səyahət üçün Azərbaycanı seçib.

2022-ci ilin digər aylarında bu siyahıda həmçinin Küveytin də adı yer alır. Region olaraq isə ərəb dövlətlərinin yerləşdiyi Yaxın Şərq regionu ümumi gəlmə turizminin 7,7 %-ni təmin edir.

"Report"un araşdırması son illər ərəb turistlərinin Azərbaycanın sağlamlıq turizminə marağın daha da artdığını təsdiq edir. Halbuki bir neçə il əvvəl ərəblərin Azərbaycana əsasən ov məqsədilə gəldikləri bildirilirdi. Ov turizmi istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Ərəb turistlər ov məqsədilə ölkəmizə Bəhrəyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanından gəlirdilər.

Azərbaycanda sağlamlıq turizminin imkanlarını şərh edən "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov bildirib ki, hazırda Azərbaycana həm kosmetoloji, həm estetik, həm də stomatoloji prosedurları almaq üçün əsasən ərəb ölkələrindən olan turistlər səfər edir:

“2020-ci ildə başlayan koronavirus (COVID-19) pandemiyası bir sıra sahələrə olduğu kimi turizm sektoruna da mənfi təsir etdi. Belə ki, sərhədlər bağlandı, turizm dayanma nöqtəsinə gəlib çıxdı.

Amma post-pandemiya dövründə ənənəvi turizm növləri ilə yanaşı yeni turizm növlərinin də tətbiqinin şahidi olduq. Ölkəmizdə ən geniş yayılan belə turizm növlərindən biri də tibbi turizmdir. Hansı ki, ölkəmizdə onun ənənəsi illər öncəyə çıxır. Müalicəvi zonalarımıza, kurort və sanatoriyalarımıza turistlərin marağı hər zaman olub.

Bu vaxta qədər hər zaman Naftalan bu sahədə ixtisaslaşmış region kimi tanınıb və əsasən MDB ölkələrində səfər edənlər çoxluq təşkil edib".

Ə. Qurbanov hesab edir ki, qlobal olaraq müalicə və sağlamlıq turizmi gəlirli turizm növləri siyahısındadır: "Çünki bu paketi seçənlər minimum 14-21 günlük proseduralardan keçirlər. Məhz belə uzunmüddətli proses iqtisadiyyata da öz müsbət töhfəsini verə bilir".

Onun sözlərinə görə, hazırkı vəziyyətdə əsasən ərəb ölkələrindən Azərbaycana həm kosmetoloji, həm estetik, həm də stomatoloji prosedurları almaq üçün gələn turistlər var: "Xüsusən də stomatoloji xidmətlər bizim ölkəmizdə daha keyfiyyətli və sərfəli olduğu üçün ölkəmiz xarici turistlərə cəlbedici məkan olub.

Pandemiyadan sonrakı dövrdə digər turizm növlərində olduğu kimi sağlamlıq turizmində proqressiv inkişaf müşahidə edirik və hətta onların sayı bizim proqnozlarımızı da üstələdi.

Hesab edirəm ki, sağlamlıq turizmini inkişaf etdirmək üçün regionlarda olan kurort zonaların təbliğatı aparılmalıdır yaxud bu təbliğat daha da gücləndirilməlidir. Təbii ki, bu regionlara Avropadan da sağlamlıq turizmi ilə bağlı müraciət etmələrinə şərait yaradacaq”.

Azərbaycana ərəb turistlərinin səfərini təşkil edənlərdən biri olan Azər Babayev isə hesab edir ki, ölkəmiz qiymətlərin münasibliyinə görə cəlbedicidir:

“Təbii ki, əsas məsələ keyfiyyət və qiymətdir. Əgər turist eyni keyfiyyətli xidməti burada daha ucuz görürsə ölkəmizi seçməyi üstün tutacaq. Sağlamlıq turizmi ilə bağlı ölkəmizin çox böyük imkanları var. Hesab edirəm ki, bu imkanları artırmaqla gələn turistlərin sayını dəfələrlə yüksəltmək olar”.

Qeyd edək ki, Azərbaycanın sağlamlıq turizmi mərkəzi hesab edilən Naftalana bir il ərzində 40 000-dən çox turist gəlib. Hazırda Naftalanda eyni anda 4000-4200 turisti qəbul etmək iqtidarında olan 14 iri sanatoriya fəaliyyət göstərir. Son göstəriciyə görə, qonaqlama mərkəzlərinin dolumluluq səviyyəsi ortalama 90 %-ə bərabər olub. Bu isə proqnozlardan artıq nəticə əldə etmək deməkdir.

Son xəbərlər

Orphus sistemi