Hər il olduğu kimi bu il də yeni il tətilini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif məkanlara üz tutublar. Xüsusən də koronavirus pandemiyasının tüğyan elədiyi bir dövrdə quru sərhədlərinin bağlı olması, aviareyslərin isə əvvəlki illərə nisbətən baha olması və bu kimi bir sıra çətinliklər insanların daha çox daxili turizmin imkanlarından istifadə etməsinə şərait yaradıb.
Amma son günlər insanlar fərqli sosial platformalarda müxtəlif turizm məkanlarının göstərdiyi xidmətlərdən razı qalmadıqlarını, qiymətlərin isə həddindən artıq yüksək olduğu iddia edirdilər.
Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov “Report”a açıqlamasında turizm məkanlarındakı qiymətlərin həddindən artıq yüksək olması ilə bağlı yayılan fikirlərin həqiqət olduğunu deyib:
“Ölkəmizdə qış turizmi inkişafda olsa da, hələ də daxili turlardan demək olar ki, bütün turistlər narazılıq edir. Xüsusən də “Tufandağ” və “Şahdağ”da qiymətlər həddindən artıq bahadır.
Məhz qiymətin baha, keyfiyyətin isə aşağı olması səbəbindən hazırda müəyyən imkanı olan turistlərin Türkiyə istiqamətinə axını var. Təkcə biz özümüz bu il 100-ə yaxın turistin Trabzon və Rizə istiqamətində səyahətini təşkil etmişik. Bu isə Azərbaycan turizmi üçün heç də ürəkaçan deyil. Xaricdən də ölkəmizə gələn turistlər eyni fikirdədilər: qiymətlər baha, xidmət keyfiyyəti isə çox aşağıdır. Təkcə bir faktı deyim ki, Trabzonun mərkəzində 4 yaxud 5 ulduzlu hoteldə səhər və axşam yeməyi daxil olmaqla bir gecəlik qiymət 170-200 lirə arasıdır. Bizdə də mütləq bu məsələ tənzimlənməlidir ki, həmin hotellər hamı üçün əlçatan olmalıdır”.
Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi isə hesab edir ki, qiymətlərin tənzimlənməsi üçün sahibkarlar arasında rəqabət artırılmalıdır:
“Bahalıq barədə hər zaman danışılır. Bu da təbiidir. Azərbaycan turisti regionlara üz tutanda daha çox 4-5 ulduzlu hotellərdə qalmağı üstünlük verir. Bu hotellərin isə qiyməti göstərdikləri xidmətlərə uyğun olaraq bir qədər baha olur.
Digər tərəfdən turistlər üçün yararlı olan kənd və ferma evlərinin, qonaq evlərinin və sair bu kimi yerləşdirmə vasitələrinin sayı azdır. Bu isə tələb və təklif arasında böyük bir boşluq yaradır və, tətil günlərində xüsusilə, qiymətin baha olmasına gətirir.
Hesab edirəm ki, regionlarda, o cümlədən mikro və kiçik biznes subyektləri seqmentinə aid olan turizm və qonaqlama xidmətləri göstərən müəssisələrin və fərdi sahibkarların sayı artmalı, bu sahədə rəqabət güclənməlidir ki, qiymətlər də nəticədə münasib olsunlar.
Öncəki illərdə biz fəxrlə deyirdik ki, turizm və qonaqpərvərlik sahələrində inhisarçılıq yoxdur. İndi vəziyyət bir qədər dəyişib. İri müəssisələr seqmentində inhisarlar yaranırlar. Bu isə qiymətlərin formalaşmasına bilavasitə təsir göstərir”.
Dövlət Turizm Agentliyindən isə “Report”a bildirilib ki, bazarda qiymətlərin tənzimlənməsi tələb və təklif əsasında olur:
“Bura hansısa müdaxilə yoxdur. Dövlət regionlarda yeni turizm obyektlərinin yaradılması üçün yalnız şərait yaratmalı və müəyyən formalarda da bu edilir. Yaranan rəqabətli mühit çərçivəsində isə qiymətlər formalaşmalıdır”.