"Türkiyənin xarici turistlərin üzünə bağlanması turizmi və onunla birgə işləyən iqtisadiyyatın 54 əlaqəli sektorunu müflisləşdirə bilər".
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Turizm Hotellər Menecerləri Assosiyasiyasının (TUROYD) prezidenti Ali Can Aksu bildirib.
Onun sözlərinə görə, iyulun əvvəlinə turizm sektorunda normallaşma prosesi başlasa da, çox da uzun müddət davam etməyəcək: “Avropada qapanma ssenarisi artıq reallaşdırılır. Rusiyada ciddi həyəcan siqnalı çalınır. Beləliklə, normallaşma prosesi dayanacaq”.
O hesab edir ki, xəstələrin sayının yenidən artdığı sahilyanı ərazidəki vəziyyət noyabr ayına kimi bütün Türkiyənin turizminə, o cümlədən şəhər turizminə mənfi təsir göstərməyə davam edəcək:
“Məhz bu zaman kəsiyində, yəni avqustdan oktyabrın sonuna kimi Türkiyənin sərhədlərinin yenidən bağlanacağı istisna edilmir. Bu da öz növbəsində turizmin müflisləşməsinə gətirəcək. Çünki 2020 və 2021-ci illərin lokdaunlarından sonra bu sektorun maliyyə ehtiyatları tükənib”.