“Qarabağ ekoloji turizm məkanına çevriləcək”

“Qarabağ ekoloji turizm məkanına çevriləcək” “Azərbaycan ordusunun erməni işğalından azad etdiyi Kəlbəcər və Laçın rayonları, ümumilikdə Qarabağ bölgəsi böyük turizm potensialına malikdir. Bu potensialı reallaşdırmaq üçün xeyli iş görmək lazımdır”.
Turizm
16 Dekabr , 2020 15:32
“Qarabağ ekoloji turizm məkanına çevriləcək”

“Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Kəlbəcər və Laçın rayonları, ümumilikdə Qarabağ bölgəsi böyük turizm potensialına malikdir. Bu potensialı reallaşdırmaq üçün xeyli iş görmək lazımdır”.

Bunu “Report”a açıqlamasında turizm üzrə ekspert, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eləcə də Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

“Məsələn, Kəlbəcər rayonu əsasən dağlıq ərazidə yerləşir, ən yüksək zirvələri Camışdağ (3 724 m) və Dəlidağdır (3 616 m). Burada flora aləmindən enliyarpaq meşələr (palıd, fıstıq, vələs ağacları), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri, fauna aləmindən isə dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, toğlugötürən, qartal kimi heyvan növləri yayılıb. Kəlbəcər eyni zamanda ibtidai insanın yaşadığı məkanlardan biridir. Burada çox saylı mağaralar, qayaüstü rəsmlər, qazıntılar zamanı tapılmış müxtəlif ov və məişət alətləri buna sübutdur və bunların tarixi eramızdan əvvəl IV-III minilliklərə aiddir. Eyni zamanda Kəlbəcər qədim türk mədəniyyətinin beşiyidir. Qədim Tünc dövrünə aid Kür-Araz mədəniyyətinin nümunələri də bu rayonda aşkar edilib. Kəlbəcər termal su mənbələri ilə də zəngindir.

Şimaldan Kəlbəcərlə həmsərhəd olan Laçın rayonunun ərazisində isə 3 mindən çox tarixi memarlıq abidələri mövcuddur. Bunlar sırasında kurqanlar, qala tipli abidələr, qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar və sairlərini sadalamaq olar.

Laçının ən yüksək zirvəsi Qızılboğaz dağıdır (3 594 m). Rayonun subalp və alp çəmənlikləri, meşələrlə zəngin relyefi var. Laçında (həmçinin Kəlbəcərdə) zəngin və qədim xalçaçılıq ənənələri var. Laçına aid dünya şöhrətli Qasımuşağı xalçaçılıq məktəbinin adını çəkmək istərdim. Laçında da zəngin su mənbələri, termal bulaqlar var. Hər iki rayonun ərazisində Alban mədəniyyətinə aid abidələr mövcud olublar. Bunların çoxunu ermənilər saxtalaşdırıblar, çalışıblar ki özlərinin yalançı tarixlərinə aid etsinlər. Bunları nəzərə alaraq əminliklə demək olar ki, bu rayonların geniş turizm imkanları var. Bu rayonlar təbii və antropogen resurslarla zəngindirlər.

Yuxarıda göstərdiklərimə istinadən əminliklə demək olur ki, biz yaxın gələcəkdə bu rayonların ərazisində ekoturizm, o cümlədən dağa dırmanma və alpinizm, yaşıl turizm, dərketmə turizmi, arxeoloji turizm, müalicəvi turizm, rekreasiya kimi fəaliyyətləri inkişaf etdirə biləcəyik", - o qeyd edib.

S.Dübəndinin sözlərinə görə, ilk növbədə, Qarabağda yenidənqurma və bərpa işləri aparılmalı, infrastruktur məsələləri həll edilməlidir: “Bunlar olmadan turizm haqqında danışa bilmərik. Üstəlik, həmin ərazilər də deyil. Hazırda minalardan təmizlənmə prosesi aparılır. Eyni zamanda infrastruktur işləri aparılmalıdır. Bu gün ora hər hansı bir turun təşkil edilməsi ilə bağlı danışmaq tezdir. İlk növbədə bu işlər görülməlidir. Ən əsası tarixi memarlıq abidələrinin vəziyyəti araşdırılmalıdır. Yenidən nəzərdən keçirilməlidir. Bir sıra alimlər Qarabağda yerləşən tarixi abidələri araşdırıblar, lakin 30 il keçib. Təbii ki, bunları yenidən nəzərdən keçirmək lazımdır. Hansı abidələr dövlət tərəfindən mühafizəyə götürülməlidir? Onların bərpa işləri aparılmalıdır. Turizm marşrutlarının qurulması, turizm cığırlarının çəkilməsi və nişanlanması aparılmalıdır. Turistik xəritələrin hazırlanması və başqa işlər görülməlidir. Yaxın illər ərzində biz bunların öhdəsindən gələ biləcəyik. Burda bir sıra idarələr, nazirliklər və institutlar bu işi görməlidirlər. Burda müxtəlif institutların və institusional qurumların üzərinə düşən məsələlər var. Ümumiyyətlə, Qarabağ bizim üçün yeni turizm destnasiyası olacaq. Təkcə iki rayonun deyil, Qarabağın ərazisində yeni bir turizm məkanı olacaq. Bu destnasiyaların təhlükəsizliyini təmin etmək lazımdır. Turist üçün ora gedib-gəlmək təhlükəsiz olmalıdır. Ümid edirəm ki, bütün alimlər birgə Qarabağın ərazisini yenidən təhlil edib, yeni turizm marşrutları, turizm məhsulları yaradacaqlar. Turizm sahəsində böhran aradan qalxdıqdan sonra bu məhsulları satıb, çoxsaylı turist cəlb edəcəyik. Xüsusi yeni turizm növləri meydana gələcək. Əminəm ki, Qarabağ ekoloji turizm məkanına çevriləcək, regional ekoloji turizm məkanı kimi tanınacaq. Vaxt gələcək, İsveçrənin Alp dağlarında yerləşən kurortlardan, Fransanın, İtaliyanın, Almaniyanın istirahət mərkəzlərindən daha gözəl yerləri Qarabağ və ətraf ərazilərdə yaradacağıq”.

Son xəbərlər

Orphus sistemi