Əhməd Qurbanov: “Quru sərhədi açılsa, Azərbaycana turist axını 2 dəfə artar”

Əhməd Qurbanov: “Quru sərhədi açılsa, Azərbaycana turist axını 2 dəfə artar” "Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını 2 dəfə artar. Turistlər təkcə bayram günlərində deyil, adi günlərdə də ölkəmizə səfər edərlər".
Turizm
19 Aprel , 2022 16:45
Əhməd Qurbanov: “Quru sərhədi açılsa, Azərbaycana turist axını 2 dəfə artar”

"Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını 2 dəfə artar. Turistlər təkcə bayram günlərində deyil, adi günlərdə də ölkəmizə səfər edərlər".

Bunu “Report”a açıqlamasında qarşıdan gələn Ramazan və Qurban Bayramlarında Azərbaycana turist cəlb etmək üçün görülməli olan işlərlə bağlı danışan "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun fikrincə, quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.

"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildən bütün dünyada turistlərin sayında ciddi azalma baş verdi. Ötən il və bu il turist sayında artım olsa da, göstəricilər hələ ki, 2019-cu ilin səviyyəsinə çatmayıb. Mərhələli şəkildə sərhədlər açıldıqca turistlərin də sayı artacaq və əvvəlki rekordları görmək imkanımız olacaq.

Hazırda ölkəmizə turistlər bayramlarda, özəl günlərdə və yay mövsümündə gəlir. Qarşıdan Ramazan və Qurban bayramlarının gəldiyini, onların da müsəlman dünyasının müqəddəs bayramları olduğunu nəzərə almalıyıq. Müsəlmanlar bu bayramları yüksək səviyyədə qeyd edir, həmçinin digər ölkələrə səfər edirlər.

Əhməd Qurbanov
Əhməd Qurbanov

Düşünürəm ki, qarşıdan gələn bayram günlərində yenə də bizə ərəb ölkələrindən turistlər gələcək. Hansı ki, bu vaxta qədər sərhədlər bağlı olduğu üçün gələ bilmirdilər. Artıq Azərbaycan öz hava sərhədlərini 70-dən artıq ölkəyə açıb. Bu ölkələr sırasında da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və başqa ərəb ölkələrini adı var. Hesab edirəm ki, Ramazan və Qurban bayramlarında bu ölkələrdən turistlər daha çox gələcək.

Təbii ki, qardaş Türkiyə ilə gediş-gəlişdə bir çox rahatlıqlar əldə etdiyimiz, hətta şəxsiyyət vəsiqəsi ilə gedib-gəlməyin mümkün olduğu üçün Türkiyədən də qonaqlar gözləyirik. Artıq mövcud şəraitdə bu tendensiyanı müşahidə edirik. Əvvəllər azərbaycanlılar Türkiyəyə getməyə can atırdı, amma indi qardaş ölkənin vətəndaşlarının da ölkəmizin turizm məkanlarını görməyə marağı artıb. Bu isə türk turistlərin sayının artması ilə nəticələnib.

Bayram günləri ölkəmizə gəlişini gözlədiyimiz turistlər sırasında qonşu İrandan olan turistlər də var. Novruz bayramı ərəfəsində İrandan Azərbaycana turist axını əvvəlki illərə nisbətən az oldu. Bunun bir neçə səbəbi var. Bunlardan biri təbii ki, qeyd etdiyimiz pandemiya şəraitidir. İnsanlarda hələ də virusa yoluxma qorxusu var və bu səbəbdən də müəyyən kəsim insanlar səyahət etməkdən çəkinirlər.

Digər səbəb isə dünyadakı geosiyasi vəziyyətlə bağlıdır. Bu, insanları bir qədər narahat edir. Hazırkı böhran, müharibə həm insanların gəlirlərinə təsir edir, həm də başqa ölkələrə səfər etməkdən çəkindirir.

Düşünürəm ki, hazırda quru sərhədlərimizin bağlı olması da iranlı turistlərin ölkəmizə az gəlməsinə səbəb olan səbəblərdəndir. Çünki bu ölkədən ölkəmizə gələn turistlər əsasən şəxsi nəqliyyat vasitəsi ilə ölkəmizə səfər etmək onlara daha çox sərf edirdi. Hazırda isə quru sərhədləri bağlı olduğu üçün onlar yalnız hava nəqliyyatı vasitəsi ilə Azərbaycana gələ bilirlər. Bu isə bir çox iranlı turistlərin büdcəsinə uyğun olmadığı üçün İrandan Azərbaycana gələnlərin sayı da azalıb”, - deyə o, qeyd edib.

"Əgər pandemiya dövründə ölkəyə giriş-çıxış üçün həm vaksin pasportu, həm də PCR testi tələb edilirdisə bir müddət əvvəl bu tələblərdən biri ləğv edildi. Hesab edirəm ki, PCR testinin verilməsi ilə bağlı tələbin ləğvi yerində və doğru verilmiş qərar idi. Məhz bu qərar ölkəmizə gələcək turistlərin sayının artması üçün daha çox münbit şərait yaradacaq", - deyə Ə.Qurbanov əlavə edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Rüblük göstəricinin 95 844-ü mart ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

2022-ci ilin yanvar, fevral və mart aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105%, 112% və 112% artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61%, 56% və 61% geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

Son xəbərlər

Orphus sistemi