Bakı. 4 dekabr. REPORT.AZ/ Dünyanın ən bahalı şəhərləri reytinqində Sinqapur ardıcıl olaraq 4-cü il lider yerini qoruyub.
"Report" xəbər verir ki, bu barədə "The Economist Intelligence Unit" jurnalının araşdırmasında bildirilir.
Araşdırmaya görə, reytinqdə ikinci sıranı Honq-Konq, üçüncü yeri isə Sürix (İsveçrə) tutub. Reytinqin hazırlanmasında (133 şəhər üzrə) 160 adda mal və xidmətlərin qiymətləri müqayisə edilib.
İlk onluqda həmçinin Tokio (Yaponiya), Osaka (Yaponiya), Seul (C.Koreya), Cenevrə (İsveçrə), Paris (Fransa), Nyu-York (ABŞ) və Kopenhagen (Danimarka) yer alıb.
Ən ucuz şəhər statusuna isə Qazaxıstanın paytaxtı Almatı şəhəri layiq görülüb. Ən ucuz 10 şəhər arasında (cədvəldə aşağıdan yuxarı) Laqos (Nigeriya), Banqalor (Hindistan), Karaçi (Pakistan), Əlcəzair (Əlcəzair), Çennay (Hindistan), Mumbai (Hindistan), Kiyev (Ukrayna), Buxarest (Rumıniya) və Nyu-Deli (Hindistan) da var.
Son 12 ayda reytinqi ən çox zəifləyən şəhərlər arasında ilk 10-luqda Mançester (Böyük Britaniya), Buenos-Ayres (Argentina), London (Böyük Britaniya), Pekin (Çin), Suçjou (Çin), Laqos (Nigeriya), Quançjou (Çin), Tianjin (Çin), Dalian (Çin) və Mexiko (Meksika) olub.
Son 12 ayda reytinqdə ən sürətlə yüksələn 10 şəhər isə San-Paolo (Braziliya), Rio-de-Janeyro (Braziliya), Vellinqton (Yeni Zelandiya), Okland (Yeni Zelandiya), Brisben (Avstraliya), Adelaida (Avstaraliya), İstanbul (Türkiyə), Montevideo (Uruqvay), Moskva (Rusiya) və Reykyavikdir (İslandiya).