Bu ilin yanvar-mart aylarında dünyada turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon nəfər və yaxud 83% az olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mərkəzi qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb.
Məlumata görə, son bir ildə turistlərin sayı ən çox Asiya-Sakit Okean regionunda azalıb - 91%. Azalma dinamikasına görə növbəti yerlərdə Avropa (83%), Afrika (81%), Yaxın Şərq (78%) və Amerika (71%) regionları qərarlaşıb.
“Koronavirus (COVID-19) pandemiyasına görə ötən il turizm sektorunun ən pis ili olub, ancaq bu il sektor yavaş-yavaş bərpa olunur“, - deyə UNWTO bəyan edib.
Təşkilatın baş katibi Zurab Pololikaşvili bildirib ki, virus əleyhinə vaksin turizmin canlanmasında açar rolunu oynayacaq. Bununla belə, onun sözlərinə görə, "Şimal yarımkürəsində artım görmək istəyiriksə, testləri daha asan və uyğun qiymətə etməli, ünsiyyət və koordinasiyanı inkişaf etdirməliyik".