Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) turizm imkanlarının təbliği, turizm məkanlarının əlçatanlığı məqsədilə Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsini dərc edib.
Bu barədə "Report"a DTA-dan məlumat verilib.
Həmçinin Lənkəran şəhər turist xəritəsi, “Cənub regionunda 10 əsas təbiət təcrübələri” və “Lənkəranda 10 əsas turizm fəaliyyəti” adlı broşürlər çap edilib.
Bundan öncə isə Şimal və Şimal-qərb turizm dəhlizlərini əhatə edən regional xəritələr nəşr olunub.
Şimal turizm dəhlizi üzrə Quba və Qusar şəhərlərinin turist xəritələri, “Qubada 10 gəzməli-görməli yer”, “Qusarda 10 əsas gəzməli-görməli yer”, “Şimal regionunda əsas təbiət təcrübələri” adlı broşürlər nəşr edilib.
Qeyd olunan xəritə və broşürlər müvafiq olaraq regionlarda fəaliyyət göstərən mehmanxanalara, turizm informasiya mərkəzlərinə və aidiyyəti qurumlara paylanılıb.
Şimal-qərb turizm dəhlizi üzrə Şəki və Zaqatala şəhərlərinin turist xəritələri və Şəki sənətkarlarının xəritəsi ərsəyə gətirilib. Şimal-qərb regionunda Şəki, Zaqatala, Balakən və Qax rayonların əsas turizm təcrübələrini özündə əks etdirən “Şimal-qərbdə 10 gəzməli-görməli yer” və “Şimal-qərbdə əsas turizm təcrübələri” adlı broşürlər hazırlanıb.