Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının iştirakçıları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Polşadan olan dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri və nümayəndələrini ASCO-nun sədri Rauf Vəliyev qarşılayaraq, onları dünyanın ilk tanker-muzeyi sayılan “Suraxanı” gəmi-muzeyində görməkdən şad olduğunu bildirib.
Sədr qonaqlara muzey haqqında ətraflı məlumat verib. Bildirib ki, “Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.
Daha sonra ziyarətçilər Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks olunduğu ekspozisiya zalları ilə yaxından tanış olublar. Muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər qonaqların böyük marağına səbəb olub.
İclas iştirakçıları dünyanın ilk tanker muzeyini ziyarətdən razı qaldıqlarını bildirib və xatirə kitabında öz xoş təəssüratlarını qeyd ediblər.
TBNM nümayəndələrinə muzeyə aid çap nəşrləri və suvenirlər hədiyyə olunub.