Bakı. 26 yanvar. REPORT.AZ/ Fevralın 21-də Bakıda növbəti II "Mövsüm Səyahət Yarmarkası" keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq yarmarkada 25-ədək turizm şirkətinin və mehmanxananın nümayəndələri öz məhsullarını təqdim edəcək.
II "Mövsüm Səyahət Yarmarkası" bu dəfə "28 Mall" ticarət mərkəzində keçiriləcək. Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi məqsədilə baş tutacaq növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil edilir. Yarmarkada Azərbaycan daxilində reallaşdırılacaq Novruz turları, Bakıda və regionlarda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində təşkil ediləcək bayram proqramları və bu münasibətlə hazırlanmış turpaketlər barədə ölkə vətəndaşlarına məlumatlar veriləcək. Tədbir saat 12.00-dan axşam saat 20.00-dək davam edəcək.
