Bakıda İtaliya Dizayn Günü keçiriləcək

Bakıda İtaliya Dizayn Günü keçiriləcək Məşhur italyan dizayner Antonio Ariko tədbirlərdə iştirak edəcək
Turizm
16 Fevral , 2018 13:25
Bakıda İtaliya Dizayn Günü keçiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda İtaliya Dizayn Günü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İtaliya Xarici İşlər Nazirliyinin bu təşəbbüsü artıq ikinci dəfədir Azərbaycanda keçirilir, onun məqsədi bu sahədə İtaliyanın memarlıq və müasir texnologiyalarını nümayiş etdirməkdir.

Səfir vurğulayıb ki, Dizayn Günü martın 1-də İtalyanın bütün dünya üzrə ticarət nümayəndəliklərində qeyd olunur.

"Tanınmış italyan dizayner Antonio Ariko Dizayn Günü ilə bağlı tədbirlərdə iştirak edəcək. Bu dizayner gəncliyinə baxmayaraq, dünyada xeyli tanınıb, çünki ənənələri müasirliklə birləşdirir", - səfir deyib.

Onun sözlərinə görə, bununla yanaşı, İtaliyanın məşhur memarları Azərbaycanın Memarlar İttifaqı ilə birgə tədbirlər keçiriləcək.

Səfirlik Bakının gələcək dizaynına, o cümlədən Azərbaycan paytaxtının interyer-dizaynı və şəhər memarlığına həsr olunmuş iki "dəyirmi masa" təşkil edəcək.

Diplomat qeyd edib ki, bu mövzunun seçilməsi Bakının EXPO-2025-i keçirmək istəyi ilə əlaqəlidir.

İtaliyanın Azərbaycandakı Ticarət Agentliyinin direktoru Mauritso Ferri Dizayn Gününün keçirilməsinin əsas məqsədinin "Made in Italy" brendinin Azərbaycanda təşviq edilməsi olduğunu söyləyib.

Onun fikrincə, Dizayn Günü çərçivəsində səfirlik və palata ötən əsrin 50-ci illərindən günümüzə qədər İtaliyanın mebel və aksessuar tarixinə, İtaliya dizaynı ilə bağlı müxtəlif əşyalara aid sərgi təşkil edəcək. M.Ferri sərgidə həmçinin müxtəlif dövrlərin istehsalı olan "Ferrari", "Lambroghini", "Ducatti" markalı avtomobillərin nümayiş olunacağını da əlavə edib. Sərginin qonaqlarına eyni zamanda İtaliyanın şərabçılıq sənayesinin və mətbəxinin məhsulları təqdim ediləcək.

"Sərgi ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək", - agentliyin direktoru vurğulayıb.

Onun sözlərinə görə, hazırda 8 İtaliya şirkətinin nümayəndə heyətləri Bakıdadır və onlar azərbaycanlı iş adamları ilə görüşlər keçirmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi