Bakıda beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçiriləcək

Bakıda beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçiriləcək Tədbir may ayında təşkil olunacaq
Turizm
15 Mart , 2016 14:33
Bakıda beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçiriləcək

Bakı. 15 mart. REPORT.AZ/ Mayın 11-13-də "Baku Expo Center"də XV Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” Sərgisi (TransCaspian-2016) keçiriləcək. Tədbirin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətindən "Report"a verilən məlumata görə, "TransCaspian" sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilib. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün "TransCaspian" sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. Ötən illər ərzində "TransCaspian" sərgisində təxminən 700 şirkət iştirak edib.

Sərgi Azərbaycan Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 

Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. Yubiley sərginin sektorları arasında hərəkət heyəti və dəmir yolu infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi sektorları qeyd etmək olar. Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Dəniz Administrasiyası kimi dövlət nəqliyyat strukturları da iştirak edəcək.

"Hazırda Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən Şimal-Cənub, Transxəzər beynəlxalq nəqliyyat marşrutu, "Vikinq" multimodal layihəsi və Bakı-Tbilisi-Qars kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templə həyata keçirilir. Bu cür perspektivlər sərginin aktuallığını artırmaqla yanaşı, istər xarici, istərsə də yerli nəqliyyat şirkətlərinin tədbirə daha yaxından maraq göstərmələrinə kömək edir. "TransCaspian-2016" sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır", - deyə şirkətdən bildirilib.

Bununla paralel, həmçinin VI Xəzər beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” (Road & Traffic) və III Xəzər beynəlxalq “Kater və yaxtalar” (CIBS 2016) sərgiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi