Azərbaycanla İran arasında turizm əlaqələri müzakirə edilib

Azərbaycanla İran arasında turizm əlaqələri müzakirə edilib Fuad Nağıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib
Turizm
112
11 Fevral , 2021 15:19
Azərbaycanla İran arasında turizm əlaqələri müzakirə edilib

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında mövcud turizm əlaqələri və gələcək əməkdaşlıq münasibətləri haqqında müzakirələr aparılıb.

F.Nağıyev ötən ilin sonunda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş torpaqlarının azad edilməsindən və Qarabağda turizmin inkişafı perspektivlərindən danışıb.

Agentlik sədri, həmçinin erməni işğalı nəticəsində Qarabağın turizm potensialına vurulan zərər, işğalçılar tərəfindən məqsədli şəkildə turizm əhəmiyyətli məkanların, o cümlədən tarixi dini abidələrin və İslam irsinin dağıdılması siyasəti barəsində məlumat verib.

Öz növbəsində, səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini və bölgədə sülhün bərqərar olmasının regionun ümumi inkişafı üçün vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin hər iki ölkə arasında viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, müvafiq infrastrukturun təkmilləşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın mütəmadi təmin edilməsi, postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması, Xəzəryanı ölkələrin turizm əlaqələri barəsində müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi