Azərbaycanla Rusiya Federasiyasının Həştərxan vilayəti arasında turist cəlbediciliyinin artırılması məqsədi ilə turistik səfərlərin sayının artırılması nəzərdə tutulur.
"Report"un məlumatına görə, bu barədə müzakirələr Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Həştərxana səfəri zamanı Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Həştərxan Vilayətinin iqtisadi inkişaf nazirinin müavini Leysan Raşitovna, “Həştərxan Turizm Liqası”nın turoperator və turagentlərin təşviqi Assosiasiyasının direktoru Alfiya Ryastamovna və bir sıra yerli turizm şirkətlərinin rəhbərləri ilə işgüzar görüşü zamanı müzakirə edilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində təşkil edilən səfər çərçivəsində iki ölkənin turizm təşkilatları arasında turizm əlaqələrinin inkişafı, əməkdaşlıq imkanları, birgə iş birliyinin yaradılması, qarşılıqlı biznes fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.
Həmçinin müzakirələr zamanı turizm agentlikləri və turoperatorlar arasında kommunikasiya və tərəfdaşlıq əlaqələrinin yaradılması, turizm məhsullarının təşviqi, eləcə də turizm şirkətləri ilə B2B formatlı görüşlərin keçirilməsi, turizm sahəsində təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bir sıra rəsmi tədbirlər və konsert proqramı təşkil edilib.
Qeyd edək ki, hazırda Bakı-Həştərxan-Bakı reysləri üzrə həftədə 5 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.