Azərbaycan Turizm Bürosu (ATB) bu gün Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı vorkşopda iştirak edərək Azərbaycanın turizm imkanlarını təbliğ edib.
Bu barədə "Report"a ATB-dən məlumat verilib.
Məlumata görə, vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviareyslər kimi məsələlər müzakirə olunub.
Həmçinin görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən hotellər, ölkədə pandemiya şəraitində ictimai məkanlarda tədbiq olunan qaydalar haqda məlumat verilib.
Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturzm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.
Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.