Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2024”) nümayiş etdirilir.
"Report" Agentliyə istinadən xəbər verir ki, fevralın 9-na qədər davam edəcək sərgi çərçivəsində milli stenddə 6 turizm şirkəti, 2 hotel qrupu və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur.
Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş "Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri, eləcə də işgüzar turizm imkanları haqqında geniş məlumat verilir, Türkiyə və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il Türkiyədən ölkəmizə 378 204 nəfər olmaqla 2019-cu il rəqəmlərindən 19 % daha çox ziyarətçi gəlib.