Azərbaycanın turizm imkanları İspaniyada nümayiş etdirilir

Azərbaycanın turizm imkanları İspaniyada nümayiş etdirilir Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 4 yerli tərəfdaşla birgə İspaniyanın paytaxtı Madriddə keçirilən “FITUR” turizm sərgisində nümayiş etdirilir.
Turizm
19 Yanvar , 2023 16:09
Azərbaycanın turizm imkanları İspaniyada nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 4 yerli tərəfdaşla birgə İspaniyanın paytaxtı Madriddə keçirilən “FITUR” turizm sərgisində nümayiş etdirilir.

"Report" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

İspandilli ölkələr üzrə ən böyük turizm tədbirlərindən biri hesab olunan sərgidə İspaniya, Portuqaliya, Latın Amerikasından olan turoperatorlar və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilir.

Görüşlərdə ispandilli ölkələrin turizm şirkətləri Cənub Qafqaz regionu üzrə birgə turların təşkilində maraqlı olduqlarını bildiriblər.

Yanvarın 22-nə qədər davam edəcək sərgidə milli stend ziyarətçilərinə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, sağlamlıq, mədəni, eləcə də dağ və qış turizmi imkanları, dağ-xizək mərkəzləri haqqında geniş məlumat verilir.

Sərgi çərçivəsində Azərbaycanın milli stendini BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Azərbaycanın İspaniya və Andorradakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ziyarət edib.

Bu il sayca 43-cü dəfə keçirilən “FITUR” sərgisində 131 ölkədən 8 mindən çox şirkət iştirak edir və sərgini 120 mindən çox insanın ziyarət edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi