Azərbaycanın turizm destinasiyası olaraq təbliği məqsədilə Hindistanın Nyu-Delhi şəhərində seminar keçirilib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 50-dək turizm agenti və turoperatorun iştirak etdiyi seminarın əsas məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və Hindistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaqdır.
Seminar çərçivəsində Azərbaycan turizminə həsr olunmuş ətraflı təqdimat və videoçarxlar nümayiş etdirilib, ölkəmizin istirahət turizmi və işgüzar tədbirlərin təşkili üzrə potensialı təqdim edilib. Seminarın sonunda interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.
Təbliğat tədbirləri bu gün Banqalor, oktyabrın 28-də Mumbay şəhərində davam etdiriləcək.
Bu ilin yanvar-sentyabr dövründə əsas hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 77 379 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.