Azərbaycanın turizm imkanları Çindəki silsilə tədbirlərdə nümayiş etdirilib

Azərbaycanın turizm imkanları Çindəki silsilə tədbirlərdə nümayiş etdirilib Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdima
Turizm
13 Noyabr , 2023 11:32
Azərbaycanın turizm imkanları Çindəki silsilə tədbirlərdə nümayiş etdirilib

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, silsilə tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, bir sıra hotelləri və 10 yerli turizm şirkəti təmsil olunub.

Çindən olan 150-yə qədər turizm sektoru nümayəndəsini bir araya gətirən tədbirlərdə, həmçinin B2B formatlı görüşlər təşkil olunub. Tədbirlərdə Azərbaycanın müxtəlif turizm təkliflərini əhatə edən təqdimatlar və videoçarxlar nümayiş etdirilib, Azərbaycanın istirahət turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

Təqdimatlardan sonra keçirilmiş interaktiv sual-cavab sessiyalarında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verdiyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub. Azərbaycan, həmçinin 15-17 noyabrda Pekində keçiriləcək beynəlxalq Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində təmsil olunacaq.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Çindən 20 469 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım deməkdir. Son illərdə Azərbaycan Asiyadan olan turistlər üçün cəlbedici səyahət məkanı olaraq dinamik mədəniyyət və biznes mərkəzi kimi nüfuz qazanıb. Hazırda Çindən olan turistlər arasında Azərbaycana maraq müşahidə edilir. Bazar araşdırmaları göstərir ki, Çindən olan ziyarətçilər Azərbaycan tarixinə, mədəni irsinə maraq göstərərək səfər siyahılarına muzeyləri, UNESCO-nun İrs Siyahısına daxil olan məkanları, İpək Yolu üzərində yerləşən şəhərləri əlavə edirlər, həmçinin alış-veriş və qolf oyunu kimi lüks seqmenti seçimlərinə daxil edirlər.

Son xəbərlər

Orphus sistemi