Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabrda Çinin Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
"Report" agentliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib.
Silsilə tədbirlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ Turizm Mərkəzi" QSC daxil olmaqla, ümumilikdə 13 yerli tərəfdaş təmsil edib.
Görüşlər zamanı Azərbaycanın turizm potensialı təqdim edilib, o cümlədən qış mövsümündə dağ kurortları, sağlamlıq turizmi, təbiət turizmi, lüks turizm seqmenti, ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş maddi mədəni irs nümunələri, o cümlədən işgüzar turizm imkanları, Bakı və Azərbaycanın digər regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılıb.
Bu ilin yanvar-avqust aylarında Çindən Azərbaycana 26 866 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.