Azərbaycan 2024-cü ilin sentyabr ayında Moskvada yeni turizm nümayəndəliyini açmağı planlaşdırır, İstanbulda isə nümayəndəlik dekabrda fəaliyyətə başlayacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov deyib.
“Bu nümayəndəliklər filial kimi fəaliyyət göstərəcək. Yerlərdə işimiz iki formatda aparılır: filiallar/nümayəndəliklər və nümayəndəlik ofisləri. Birinci format, İsraildə olduğu kimi, öz əməkdaşlarımızdan ibarət komanda ilə ofisin açılmasını nəzərdə tutur. İsraildə ofisimiz üç ildir uğurla fəaliyyət göstərir. Bu, uzunmüddətli əməkdaşlıq formatıdır”, - C.Bayramov bildirib.
Onun sözlərinə görə, eyni format Gürcüstanda da həyata keçirilib, lakin sərhədlərin bağlanması ilə əlaqədar bu ofisin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb: “Bu, bir növ şourum idi. Burada Gürcüstana gələn qonaqlar Azərbaycanla da tanış olmaq imkanı əldə ediblər. Bu da kombinə edilmiş marşrutların inkişafına təkan verib. "Uzaq xarici" ölkələrdən gələn turistlərin əksəriyyəti həm Gürcüstana, həm də Azərbaycana səfər etmək istəyir, ona görə də kombinə edilmiş turlar çox populyardır”.
C.Bayramov vurğulayıb ki, ikinci format hazırda Hindistan və Çində olduğu kimi, nümayəndəlik şirkətləri ilə əməkdaşlığı nəzərdə tutur: “Bu şirkətlər yerli turizm sənayesi və turizm istiqaməti kimi Azərbaycanı yaxşı tanıyırlar. Çin turizm sənayesinin özünəməxsus xüsusiyyətləri var. Ona görə də insanların böyük təcrübəyə malik olduğu və digər ölkələrə səyahət edən turistlərə oxşar xidmətləri göstərən yerli şirkətlər vasitəsilə işləmək daha rahatdır. Biz başa düşürük ki, bu, daha praktik formatdır”.
O bildirib ki, əvvəllər Azərbaycanın turizm nümayəndəliyi yerli şirkət vasitəsilə Moskvada fəaliyyət göstərib, lakin pandemiya dövründə fəaliyyəti dayandırılıb.
Nümayəndəliklərin açılmasının Rusiya və Türkiyədən Azərbaycana gələn turistlərin sayının xeyli artmasına səbəb olacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin 28,8 %-i Rusiya, 18,2 %-i Türkiyə vətəndaşları olub. Bu ölkələrdən turist axını il ərzində müvafiq olaraq 20,3 % və 23,1 % artıb.
Bu dövr ərzində Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 % çoxdur.