Azərbaycanın İrandakı səfirliyinin bağlanması turizm sektoruna necə təsir edəcək?

Azərbaycanın İrandakı səfirliyinin bağlanması turizm sektoruna necə təsir edəcək? Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən ölkənin itirəcəyi iranlı turistlərinin yerini doldurmaq üçün fəaliyyət həyata keçirilir və bu fəaliyyətin uğurlu nəticəsi olacaq.
Turizm
31 Yanvar , 2023 17:12
Azərbaycanın İrandakı səfirliyinin bağlanması turizm sektoruna necə təsir edəcək?

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən ölkənin itirəcəyi iranlı turistlərinin yerini doldurmaq üçün fəaliyyət həyata keçirilir və bu fəaliyyətin uğurlu nəticəsi olacaq.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi İranda Azərbaycan səfirliyinə hücum edilməsi nəticəsində səfirlik əməkdaşının öldürülməsinin və səfirliyimizin bağlanmasının turizm sektoruna təsirini şərh edərkən deyib.

“Təbii ki, turizm həssas iqtisadi fəaliyyət sahəsidir və ətrafda baş verən sosial, iqtisadi, hərbi və başqa hadisələr dolayısı ilə də olsa bu sektora təsir edir. Hazırda turizmə bir çox mənfi təsirlər var. Bu təkcə İranla bağlı deyil. Həmçinin Rusiya-Ukrayna arasında 1 ilə qədərdir davam edən müharibə, quru sərhədlərinin qapalı olması, bir sıra ölkələrlə hava əlaqələrinin hələ də açılmaması və başqa məsələlər də bu kontekstdəndir.

Son dövrlərin statistikasına fikir versək görərik ki, İrandan gələn turistlər ölkəmizə təşrif buyuran səyahətçilərin ilk üçlüyünə daxil olurdu. Amma son hadisələrə qədər də İran turistlərinin sayında azlıq görürük. Buna əsas səbəb quru sərhədlərinin bağlı olmasıdır. Amma onu da qeyd edim ki, önümüzdəki hadisələrin qarşısında bu Azərbaycan üçün o qədər də böyük itki deyil".

S. Dübəndi hesab edir ki, turizm siyasətini həyata keçirən qurumlar bu haqda ciddi düşünür və İrandan gələn turistlərin əvəzinə digər dövlətlərdən ölkəmizə səfər edəcək qonaqların sayını artırmaq üçün çalışır: "Bu isə arada qalacaq boşluq və çatışmazlığı bağlamaq üçün əhəmiyyətli addımdır”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə hesab edir ki, nəyinki bu hadisə, son vaxtlar İranla Azərbaycan arasındakı gərginlik bütövlükdə turizm sektoruna mənfi təsir edir:

“İki ölkə arasında quru sərhədlər bağlı olsa da hava yolu ilə gəliş-gediş davam edir. Bu səbəbdən də deyə bilərəm ki, əsas məsələ bu uçuşlarla bağlıdır. Əgər İran məhdudiyyət tətbiq etməsə, vətəndaşları bayramları gəlib Azərbaycanda keçirəcəklər”."

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, müəyyən müddət keçdikdən sonra təsirləri hiss etmək mümkün olacaq:

“İrandakı səfirliyimizin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması təbii ki, turizmə də öz mənfi təsirini göstərəcək. Amma bu məsələ ilə bağlı zamana ehtiyac var. Çünki bu hadisədən sonra baş verən proseslər hansı istiqamətdə inkişaf edəcəyi bəlli deyil”.

Dövlət Turizm Agentliyinin (DTA) açıqladığı məlumata görə, 2022-ci ilin dekabrında İrandan Azərbaycana 12 641 turist gəlib. Turistlərin sayına görə, İran 9,53 %-lə 3-cü yerdə qərarlaşıb. 2021-ci illə müqayisədə İrandan gələnlərin sayı ötən il 36 % artıb.

Son xəbərlər

Orphus sistemi