Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 292,9 min nəfər təşkil edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib.
Yanvar-mart aylarında Azərbaycandan olan turistlər qonşu ölkəyə səfər edən əcnəblər arasında say baxımından birinci yeri tutub. İllik müqayisədə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 3% artıb.
Birinci rübdə Gürcüstana 1,6 mln. nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 2,2% çoxdur.
Hesabat dövründə Gürcüstana səfər edənlərin böyük əksəriyyətini (48%) 31-50 yaş qrupuna daxil olan şəxslər təşkil edib. Ziyarətçilərin 34,8%-ni qadınlar, 65,2%-ni isə kişilər təşkil edib. Birinci rübdə Gürcüstana gedən əcnəbilərin 35,8%-i bu ölkəyə istirahət məqsədilə səfər edib.
Qonşu ölkəyə səfərlərin 43%-i paytaxt Tbilisi, 18%-i isə Kvemo Kartli bölgəsinin payına düşüb.
Yanvar-mart aylarında əcnəbilərin orta gecələmə sayı 3,7-yə bərabər olub ki, bu da illik müqayisədə 14,5% azdır. Səfərlərin 79,5%-i təkrar səfərlər olub.
Səfərlər zamanı əcnəbi ziyarətçilərin xərcləri 1,2 mlrd. lari təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 15,2% azdır. Bir səfər üçün orta xərclər isə illik müqayisədə 16,1% azalaraq 889,7 lariyə (324 dollar) bərabər olub.